Cəmiyyət 

Bölgələrdə eyni məhsul niyə fərqli qiymətə satılır? — AÇIQLAMA

Bölgələrdə bazarlarla marketlər arasında yaranan qiymət fərqləri son dövrlərdə istehlakçıların ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Eyni məhsulun fərqli satış məntəqələrində müxtəlif qiymətlə təklif olunması həm iqtisadi amillərlə, həm də məhsulun tədarük və daşınma prosesi ilə əlaqələndirilir. Xüsusilə bölgələrdə logistika xərcləri, məhsulun saxlanma şəraiti və satış həcmi qiymətlərin dəyişməsinə təsir edən əsas səbəblər sırasında göstərilir. Bu fərqlər istehlakçıların alış davranışına da təsirsiz ötüşmür.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, qiyməti dövlət tərəfindən tənzimlənməyən mallar və xidmətlər istənilən yerdə müxtəlif qiymətlərlə satıla bilər:

“Hər bir mağaza və ya sahibkar məhsulu istədiyi qiymətə təklif etmək hüququna malikdir. Buna görə də qiymət fərqləri təəccüb doğurmamalıdır. Bu, liberal bazar iqtisadiyyatının prinsiplərindən, eləcə də tələb və təklif münasibətlərindən irəli gəlir.

Məhsullar regionlara daşınarkən logistik xərclər, icarə haqqı və digər əlavə xərclər də qiymətə təsir göstərir. Sahibkarlar bu xərcləri nəzərə alaraq qiymətləri artırıb azalda bilərlər. Qiyməti dövlət tərəfindən tənzimlənməyən malların və xidmətlərin qiyməti sərbəstdir və bazar şərtlərinə uyğun formalaşır”

Ekspert deyib ki, istehlakçılar tez-tez müraciət edərək eyni məhsulun, məsələn zavod çörəyinin müxtəlif yerlərdə fərqli qiymətə satıldığını bildirirlər:

“Onlara izah olunur ki, azad bazar iqtisadiyyatında bu hal normal hesab edilir və sahibkar məhsulu istədiyi qiymətə sata bilər. Lakin qiyməti dövlət tərəfindən tənzimlənən mallarda vəziyyət fərqlidir. Həmin məhsullar müəyyən edilmiş qiymətdən yuxarı satıla bilməz, amma daha aşağı qiymətə təklif olunmasına məhdudiyyət yoxdur”,- deyə o qeyd edib.

Yəni azad bazar iqtisadiyyatı olduğu üçün dövlətin nəzarət etmədiyi bütün məhsulların qiymətini mağaza sahibləri öz xərclərinə uyğun olaraq sərbəst şəkildə təyin edə bilərlər.

Daha çox xəbərlər