Rusiyadan İrəvana sərt xəbərdarlıqlar – Şoyqudan başa qaxınc xatırlatmalar
Rusiya baş nazirinin müavini Aleksey Ovərçukun ardınca Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Ermənistanı hədələyib.
Musavat.com-un məlumatına görə, Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında Şoyqu Ermənistanı Rusiyaya qarşı açıq-aşkar düşmənçilik xarakterli bir sıra hərəkətlər etməkdə günahlandırıb. O deyib ki, Ermənistan rəhbərliyi son zamanlar Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan bəzi addımlar atıb. Şoyqu deyib ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarı, Rusiya vətəndaşlarının üçüncü ölkələrə ekstradisiyası on minlərlə Ermənistan vətəndaşını iş yeri təmin edən Rusiya iqtisadi operatorlarının fəaliyyəti üçün şəraiti qəsdən pisləşdirir.
S.Şoyqu bildirib ki, Moskva Ermənistan rəhbərliyinin Rusiya ilə əməkdaşlıqdan faydalanmaq istəyini başa düşür, lakin əməkdaşlıq və strateji tərəfdaşlıq qarşılıqlı olmalıdır. “Ermənistan beynəlxalq müzakirələrdə müntəzəm olaraq Avropa İttifaqının mövqeyi ilə razılaşır. Ötən yaz Ermənistanın Avropa İttifaqına qoşulması üçün qanunvericilik təsdiqləndi. Ermənistanın 2025-2026-cı illərdəki strateji tərəfdaşları arasında Rusiyaya qarşı dost olmayan bir sıra dövlətlər də var. Onlarla təhlükəsizlik sahəsində əməkdaşlıq edilir, birgə hərbi təlimlər keçirilir”, – Rusiya rəsmisi bildirib.
TŞ katibi xatırladıb ki, Rusiya ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatının əsasını təşkil edir: “Bu faktla mübahisə etmək çətindir. Rusiya Ermənistana təbii qaz, un, taxıl, gübrə və benzini bazar qiymətlərindən üç dəfə aşağı qiymətə tədarük edir. İrəvan idxalçı və ixracatçılar arasında birinci yeri tutur. Rusiyanın Ermənistanın ümumi ticarət dövriyyəsindəki payı 36 faiz təşkil edir. Ölkəmiz həm ixracda, həm də idxalda birinci yerdədir. 2025-ci ildə turistlərin təxminən 40 fazizi Rusiyadan Ermənistana gəlib və onların əmanətləri respublikanın iqtisadiyyatını dəstəkləyib. Keçən il Ermənistana səfər edən turistlərin 40 faizi Rusiyadan gəlib – 921 min nəfər. Vətəndaşlarımız Ermənistan iqtisadiyyatına əhəmiyyətli töhfə veriblər. Onlar əmanətləri ilə aviaşirkətləri, restoranları, otelləri və turizm infrastrukturunu dəstəkləyiblər. Rus və erməni xalqlarını əsrlər boyu davam edən dostluq əlaqələri və ortaq tarix, o cümlədən xarici işğalçılara müqavimət birləşdirir”.
Şoyqu deyib ki, Rusiyanın səyləri sayəsində Ermənistan 1990-cı illərdə suverenliyini qoruyub saxladı. “Məhz Rusiyanın vasitəçiliyi 2020-ci ildə döyüşlərin dayandırılmasına və vəziyyətin sülh yolu ilə həllinə qayıtmasına imkan verdi”, – Şoyqu bildirib.
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı və amerikalılarla əlaqələri inkişaf etdirməyə çalışır və bu da Rusiyada hakim dairələri, şovinist qüvvələri narahat edir. Rusiya prezidenti Vladimir Putinin Paşinyanla Kremldə görüşü də bunun əyani sübutu idi. Bu görüş çox sərt formada keçdi. Hətta Putin Paşinyandan tələb etdi ki, rusyönlü qüvvələrə şərait yaratsın. Paşinyan isə bunu etmədi. Üstəlik, indi seçki kampaniyasıdır”.
E.Şahinoğlu Rusiyadan dəstəklənən radikal müxalifətin Paşinyanın əleyhinə qalxdığını vurğuladı: “Paşinyan da onlara sərt cavablar verir və bu da yenə Rusiyadakı hakim dairələrinin, o cümlədən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun xoşuna gəlmir. Putin artıq yaşıl işıq yandırıb ki, Dmitri Medvedev, Şoyqu, Aleksey Overçuk və digərləri, o cümlədən Dövlət Dumasının deputatları Paşinyanı sərt tənqid etsinlər, aşağılasınlar, təhqir eləsinlər. Amma bu, Paşinyanı narahat etmir. Paşinyan sərt seçki kampaniyası aparır və seçicilərin səslərini qazanmaq istəyir. Qələbə çalandan sonra yenidən Rusiya ilə münasibətləri nisbətən normallaşdırmağa çalışacaq. Amma indiki məqamda o, radikal müxalifətlə onların başa düşdüyü dildə mübarizə aparmaq məcburiyyətindədir ki, bu da yenə Rusiya hakimiyyətini narahat edir”. Politoloq qeyd etdi ki, artıq neçə dəfə də Paşinyana Rusiyadan hədə-qorxu mesajları verilib: “Amma iş hələ o yerə gəlib çatmayıb ki, Paşinyanı devirmək mümkün olsun. Əlbəttə, istəsəydilər, ya terror təşkil edərdilər, ya da hansısa çevriliş cəhdi olardı. Amma Paşinyan da amerikalılar tərəfindən dəstəklənir və onun kifayət qədər kəşfiyyat məlumatları var ki, kim ona qarşı nə edə bilər. Yəni, Rusiyanın imkanı olsa belə, əlbəttə, Paşinyanı devirmək istəyərdi, amma belə bir imkanı yoxdur. Sadəcə, Paşinyanı hədələməklə məşğuldurlar”.
E.Paşasoy,
Musavat.com

