Cəmiyyət 

Gənclər niyə ailə qurmağa tələsmirlər?..

Sosioloq: Əvvəllər kollektiv və ailə dəyərləri üstünlük təşkil edirdisə, indi şəxsi inkişaf, sərbəst həyat tərzi və individual seçimlər daha çox üstünlük qazanır

Son illərdə Azərbaycanda gənclərin ailə qurmaq yaşı əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bir vaxtlar 20-25 yaş aralığında evlənmək adi hal hesab olunurdusa, indi bir çox gənclər ailə qurmaq qərarını daha gec yaşlara saxlayırlar. Ekspertlər bu tendensiyanı müxtəlif sosial və iqtisadi amillərlə əlaqələndirsələr də, cəmiyyətdə baş verən dəyişikliklər göstərir ki, indiki gənclərin həyat prioritetləri artıq əvvəlki nəsillərdən fərqlənir. Belə ki, əvvəllər ailə qurmaq gənclərin həyatında əsas mərhələlərdən biri hesab olunurdu. Təhsilini başa vuran və işə başlayan gəncin növbəti addımı adətən evlilik olurdu. Günümüzdə isə ali təhsil almaq, karyera qurmaq, xaricdə təhsil və ya iş imkanları əldə etmək, şəxsi inkişaf üzərində çalışmaq kimi məqsədlər bir çox gənclər üçün ön plana keçib. Nəticədə evlənmək qərarı ikinci plana keçir və daha uzunmüddətli planların bir hissəsinə çevrilir.

Müşahidələr göstərir ki, bu məsələdə iqtisadi faktorlar da mühüm rol oynayır. Mənzil qiymətlərinin və yaşayış xərclərinin artması, stabil gəlir əldə etməyin çətinləşməsi kimi amillər bir çox gəncləri ailə qurmaq qərarını təxirə salmağa vadar edir. Bir çoxları hesab edirlər ki, ailə həyatı üçün yalnız mənəvi deyil, maddi hazırlıq da vacibdir. Bu səbəbdən əvvəlcə maliyyə sabitliyi yaratmağa çalışan gənclər evlənməyə tələsmirlər.

Ailə anlayışı dəyişir

Cəmiyyətdə ailə institutuna münasibətdə də müəyyən dəyişikliklər müşahidə olunur. Əgər əvvəlki nəsillər üçün erkən yaşda evlənmək sosial norma hesab edilirdisə, bu gün fərdi seçimlərə daha çox hörmətlə yanaşılır. Gənclər həyat yoldaşı seçimində daha diqqətli davranmağa, uzunmüddətli münasibətlərin məsuliyyətini daha dərindən qiymətləndirməyə çalışırlar. Mövcud mənzərəyə əsasən deyə bilərik ki, bu prosesdə sosial şəbəkələrin və qlobal informasiya axınının təsiri də özünü göstərir. Dünyanın müxtəlif ölkələrindəki həyat tərzi modelləri ilə tanış olan gənclər ailə qurmaq məsələsinə daha fərqli yanaşmağa başlayırlar. Karyera, səyahət, şəxsi inkişaf və maliyyə müstəqilliyi kimi anlayışlar getdikcə daha böyük əhəmiyyət qazanır.

Statistikalar dəyişən tendensiyanı təsdiqləyir

Müşahidələr göstərir ki, evlənmək yaşının yüksəlməsi yalnız ölkəmizə xas tendensiya deyil. Ortalama hesabla ölkəmizdə kişilərin ilk nikaha daxil olma yaşı 28, qadınların isə 24 yaş olsa da, bu göstərici bir sıra Avropa ölkələrində daha yüksəkdir. Məsələn, İsveçdə ilk nikaha daxil olmanın yaşı 34, İspaniyada 36, İtaliyada isə 35 yaş ətrafındadır. ABŞ-da kişilər ilk dəfə orta hesabla 30,2 qadınlar isə 28,6 yaşında evlənirlər.

Bütün bu məqamların fonunda ailə qurmaq yaşı ilə bağlı ənənəvi təsəvvürlər də dəyişir. Artıq erkən və ya gec evlənməkdən daha çox şüurlu və məsuliyyətli qərar vermək ön plana çıxır. Gənclərin seçimləri cəmiyyətin dəyişən dəyərlərini və yeni həyat tərzini əks etdirən mühüm göstəricilərdən birinə çevrilib.

Dəyişən prioritetlər ailə qurmaq yaşına necə təsir edir?

Sosioloq Rəvan Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, son illərdə gənclərin evlilik yaşının artması təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə olunan sosial tendensiyadır: “Bu prosesin bir neçə əsas səbəbi var. İlk növbədə iqtisadi amillər ön plana çıxır. Gənclər hesab edirlər ki, ailə qurmaq üçün stabil iş, mənzil və maddi təminat lazımdır. Digər mühüm səbəb təhsil və karyera prioritetlərinin dəyişməsidir. Müasir gənclər əvvəlcə ali təhsil almağa, peşəkar yönümlü inkişaf etməyə və şəxsi həyatlarını qurmağa çalışırlar. Xüsusilə qadınların təhsil və əmək bazarında aktivliyinin artması evlilik yaşının yüksəlməsinə təsir edir. Bundan əlavə, sosial şəbəkə platformaları və rəqəmsal mühit də münasibətlərə təsir göstərir. İnsanlar artıq münasibətlərini ideal formada təqdim olunan virtual obrazlarla müqayisə edirlər. Bu isə real münasibətlərdə gözləntiləri artırır, kompromis bacarığını zəiflədir və uzunmüddətli münasibətlərə inamı azalda bilir.”

Rəvan Əliyevin sözlərinə görə, müasir cəmiyyətdə fərdiyyətçilik də güclənib: “Belə ki, əvvəllər kollektiv və ailə dəyərləri üstünlük təşkil edirdisə, indi şəxsi inkişaf, sərbəst həyat tərzi və individual seçimlər daha çox üstünlük qazanır. Buna görə də bəzi gənclər evliliyi həyatın əsas məqsədi kimi görmürlər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, bu tendensiya ailə institutunun tam zəifləməsi demək deyil. Sadəcə gənclər ailə qurmağa daha düşünülmüş, daha gec və daha seçici yanaşırlar. Yəni, məsələ ailədən imtina etmək deyil, ailə anlayışına baxış modelinin dəyişməsidir.”

Şahnigar Əhmədova, “İki sahil”

Daha çox xəbərlər