Cəmiyyət 

XƏBƏRDARLIQ: Hamiləlikdə gizlədilən xəstəliklər uşağı və ananı təhlükəyə atır

“Hamilə qadınlar həkimin ilk qəbulunda bütün anamnezini, yəni keçirdiyi xəstəlikləri (uşaq infeksion xəstəliklər, kəskin və xronikləşmiş xəstəliklər, nevroloji və psixiki xəstəliklər, irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, böyrək xəstəliyi və s.) barəsində detallı və ətraflı məlumat verməlidirlər”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ginekoloq Nigar Axundova açıqlayıb.

Onun sözlərinə görə, bəzi hallarda hamilə qadınlar keçirdiyi xəstəlikləri və yaşadığı problemləri müəyyən səbəblərdən gizlədir və ya onlara çox əhəmiyyət vermirlər: “Lakin hamiləlik dövründə bu hallar fəsadlara gətirib çıxara bilər. Məsələn, arterial təzyiqi yüksək olan qadınlar onu artıq hiss etmir və buna hamiləliyin ilk həftələrindən nəzarət edilmədiyi təqdirdə dölə mənfi təsir edərək, inkişafdan qalma, ləngimə, düşük və ya erkən doğuş kimi hallara səbəb ola bilər. Qadına isə preeklampsiya və ən ciddi ağırlaşma olan eklampsiya, HELLP sindromu, ciftin erkən ayrılması və qanaxma kimi təhlükə yarada bilər.

Digər vacib sayılan məqam isə sidik yolları xəstəlikləridir. Bu xəstəliklər nəzarətsiz qaldıqda dölün həm inkişafına təsir göstərir, həm də bətndaxili infeksiyaya səbəb olur və nəticədə doğulan uşaq neonatal sepsis kimi ağırlaşma ilə rastlaşa bilər. Qadında bu xroniki xəstəliklər kəskinləşsə, qan təzyiqinin yüksəlməsi, bədəndə şişkinlik, sidikdə zülalın artması kimi ağırlaşmalar verə bilər. Nəticədə erkən doğuşlara, düşüklərə səbəb ola bilər. Ən vacibi isə böyrək xəstəlikləri olan hamilələr mütləq şəkildə uro-nefroloq həkimi tərəfindən müayinə olunmalıdır”.

Mütəxəssis-ekspert qeyd edib ki, psixo-nevroloji xəstəliklərə də mütləq nəzarət edilməlidir: “Depressiya və digər psixoloji pozulmalardan əziyyət çəkən bəzi qadınlar hamiləlikdən öncə xüsusi müalicə almış olur. Bu tip pozulmalar hamiləlikdə kəskinləşə bilər, nəzərdən qaçıla bilər. Belə hallar da hamiləliyə mənfi təsir edərək erkən və ya gec düşüklərə, vaxtından əvvəl doğuşlara səbəb ola bilər. Anamnezində hansısa bir tutmalar, epilepsiya tutmaları olan qadınlar hamiləlikdə də xüsusi nəzarətdə olmalıdır. Ona görə də təkcə ailə üzvləri deyil, hətta həkim, mama-ginekoloq da mütləq qadına psixoloji dəstək göstərməli, vaxtında hamiləni nevroloqa göndərməlidir”.

Nigar Axundova bildirib ki, mədə-bağırsaq pozulmaları, o cümlədən qastrit, kolit, xolesistit hamilə qadına narahatlıq verə bilər. Xüsusilə erkən dövrdə, hamiləlik toksikozu adlanan və bulantı, qusma və qəbizlik kimi fəsadlar ola bilər. Lakin bu, normal hal kimi qiymətləndirilir və çox vaxt heç bir müalicə tələb etmir. Amma əgər qadında gün ərzində 5-10 dəfə ürək bulanması olursa, qusursa, içdiyi suyu belə qəbul edə bilmirsə, o artıq ağır toksikozdur və evdə yox, yalnız stasionarda xüsusi nəzarət altında müalicə olunmalıdır. Bu zaman dölün inkişafdan qalması ilə yanaşı, hamilə qadına da asidoz kimi təhlükə yarada bilər və qaraciyər-böyrək çatışmazlığına gətirib çıxara bilər.

Mama-ginekoloq vurğulayıb ki, anemiya (qan azlığı) və qan laxtalanması pozulması (irsi və ya qazanılmış), trombofiliya ciftin düzgün formalaşmasına mane ola bilər, hamiləlik itkisinə gətirər və ya tromboz yarada bilər: “Bu cür riskləri azaltmaq üçün həkim-hematoloqun da rəyi vacibdir. Normal korreksiya aparıldıqda heç bir fəsad gözlənilmir. Bütün bu anemnestik hissə çox vacibdir, çünki bizim cəmiyyətdə qadınlar (kişilər də o cümlədən) bir çox xəstəlikləri gizlədir və ya unudur. Bu məxfilik sonradan çox ciddi problem yaradır. Ona görə də, hansısa bir şikayət varsa, internetdə onu araşdırmamışdan əvvəl öz həkiminizin rəyini öyrənin. Vaxtında aparılan tibbi araşdırma, həyat xilas edir. Ona görə də hamilə qadın və onun həkimi çox diqqətli olmalıdır. Xüsusi diqqət hamilənin ailəsindən tələb olunur. Bilin ki, hamiləlik çox həssas bir dönəmdir və qadının sinir sistemi də müxtəlif cavablar verə bilər. Bütün bunlara ciddi yanaşın. “Bizdə də belə olub” sözlərini nə anaların, nə də qayınanaların səsləndirməsi doğru deyil. Odur ki, əziz hamilələrimiz – hansısa bir narahatlıq varsa, mütləq həkimə müraciət edin və mütəxəssis tövsiyəsi alın.

Daha çox xəbərlər