Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayon sakinlərini Qurban Bayramı münasibətilə təbrik etdi.
Əziz həmvətənlər, hörmətli Bərdəlilər! Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə möhkəm can sağlığı, süfrələrinizə bol ruzi-bərəkət, evlərinizə sevinc və xoşbəxtlik arzulayıram.
Qurban bayramı insanları mərhəmətə, yardımlaşmağa, birlik və bərabərliyə səsləyən ən müqəddəs bayramlarımızdan biridir. Bu əziz gündə xalqımızın milli-mənəvi dəyərləri daha da ucalır, insanlar arasında qarşılıqlı hörmət, sevgi və qayğı hissi güclənir. Azərbaycan xalqı əsrlər boyu öz adət-ənənələrinə sadiq qalaraq bu müqəddəs bayramı böyük ehtiramla yaşadıb və bu gün də həmin dəyərlər dövlətimizin diqqət və qayğısı ilə qorunub saxlanılır.
Bu gün ölkəmizdə hökm sürən sabitlik, inkişaf və əmin-amanlıq hər birimizin qürur mənbəyidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra xalqımız bütün bayramlarını daha böyük ruh yüksəkliyi və qələbə sevinci ilə qeyd edir. Şəhidlərimizin əziz xatirəsini daim dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Uca Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Qoy müqəddəs Qurban bayramı hər bir ocağa sevinc gətirsin, ölkəmizə sülh, firavanlıq və tərəqqi bəxş etsin. Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin.
Bir daha hər birinizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, sizə və doğmalarınıza ən xoş arzularımı çatdırıram.
Qurban bayramınız mübarək olsun!

