Paşinyanın “U” dönüşü və Moskvadan gələn zəng
“Ermənistan rəsmi şəkildə Avropa İttifaqına üzvlük üçün müraciət etməyənə və ya namizəd statusuna çox yaxın mərhələyə çatmayana qədər hər hansı referendumun keçirilməsi məntiqsizdir. Çünki mahiyyət etibarilə bunun üçün əsas yoxdur”.
Bunu iyunun 1-də “Facebook” səhifəsində yayımladığı videomüraciətdə məzuniyyətdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Hazırda hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” Partiyasının deputatlığa namizədlər siyahısına da rəhbərlik edən Paşinyan əlavə edib ki, hazırda bu seçim nəzəri xarakter daşıyır və nəzəri seçimin referenduma çıxarılması məqsədəuyğun və əsaslandırılmış deyil.
Onun firkincə, buna görə də hakimiyyət Avrasiya İqtisadi İttifaqında sakit və soyuqqanlı şəkildə fəaliyyətini davam etdirəcək. Paşinyan qeyd edib ki, Aİİ-də hələ də istifadə olunmamış potensial mövcuddur. Nikol Paşinyan balanslaşdırılmış xarici siyasət modelindən ətraflı bəhs edərək bildirib ki, son illər bu mövzu barədə tez-tez danışır və onun necə işlədiyini izah etməyə çalışır. Onun fikrincə, dövlət beynəlxalq münasibətlərin subyekti kimi yalnız digər ölkələrlə qarşılıqlı əlaqədə mövcud olur.
Baş nazir bu balansı kosmik cazibə prosesləri ilə müqayisə edib:
“Planetlər və digər səma cisimləri müəyyən cazibə münasibətləri əsasında mövcud olur və fəaliyyət göstərirlər. Bu cazibə münasibətləri pozulduqda və balans itirildikdə isə fəlakətlər baş verir”.
Hökumət başçısı erməni mühəndisləri tərəfindən hazırlanmış xüsusi cihaz nümayiş etdirərək izah edib ki, balansın pozulması və tərəzinin gözlərindən birinin əhəmiyyətli dərəcədə ağır gəlməsi “yıxılma və qəzaya” səbəb olur. Paşinyan vurğulayıb ki, balanslaşdırılmış xarici siyasət kəskin addımlar atmaq demək deyil. Buna görə də həm balansın qurulması, həm bərpası, həm də yeni balansın formalaşdırılması mümkün qədər tədricən həyata keçirilməlidir ki, proses idarəolunan olsun və başqa növ qəzalar baş verməsin.
Eyni zamanda hökumət başçısı Rusiya Federasiyası ilə münasibətlərin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu münasibətlər hazırda transformasiya mərhələsindədir.
“Bu transformasiya mərhələsini müsbət hesab edirəm. Çünki yeni şəraitdə Rusiya ilə yeni münasibətlər qururuq və əminəm ki, bu işdə uğur qazanacağıq. Həm də ona görə ki, Rusiya ilə münasibətlərimiz açıq və səmimidir, bu münasibətlərdə heç bir qaranlıq məqam saxlamamışıq”, – deyə Ermənistanın baş naziri bildirib.
İqtisadi siyasətin mexanizmlərindən danışan Nikol Paşinyan izah edib ki, “müstəqillik az sayda tərəfdən asılılığın çox sayda tərəfdən asılılıqla əvəz olunmasıdır”.
O, şərti bir misal çəkərək qeyd edib ki, əgər hər gün bir nəfər onlara dörd litr su gətirirsə, həmin tədarükçü yolda qəzaya düşə, yaxud xəstələnə və suyu gətirə bilməyə bilər. Paşinyanın sözlərinə görə, həmin şəxs bunun öz əlində təsir rıçağı olduğunu anlayaraq qeyri-mütənasib şərtlər irəli sürə bilər. Əksinə, tərəfdaşların sayının artırılması riskləri minimuma endirir və dövlətə qiymət və həcm məsələlərində seçim imkanı yaradır.
Paşinyan xatırladıb ki, 2022-ci ildən sonra Ermənistan əvvəllər diplomatik münasibətlər qurmadığı ölkələrlə diplomatik əlaqələr yaradıb. Söhbət xüsusilə Səudiyyə Ərəbistanı və Pakistandan gedir. O əlavə edib ki, hazırda hakimiyyət Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi iş aparır. Çünki həmin istiqamətlərdə mövcud olan “boş tərəzi gözləri” disbalans yaradır və bu balansın bərpası hansısa istək deyil, dövlətin normal fəaliyyəti üçün zərurətdir.
Bu arada, Rusiya ilə Ermənistan arasında geosiyasi münasibətlərin kəskinləşdiyi və qarşılıqlı ittihamların səsləndiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putindən rəsmi İrəvana gözlənilməz və diqqətçəkən bir addım gəlib. Rusiya lideri Ermənistanın baş naziri Nikol Paşinyanı ad günü münasibətilə şəxsən təbrik edib.
Kremlin mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, Vladimir Putin erməni həmkarına ünvanladığı təbrik məktubunda iki ölkə arasındakı bağlara toxunaraq xüsusi mesajlar verib.
Rusiya prezidenti məktubunda “Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər ənənəvi olaraq dostluq xarakteri daşıyır. Və biz bu münasibətlərin gələcəkdə də ardıcıl şəkildə inkişaf etməsində maraqlıyıq” ifadələrini işlədib.
Siyasi analitiklər Putinin bu diplomatik təbrikini Moskva ilə İrəvan arasında tamamilə qopmaq üzrə olan iqtisadi və siyasi əlaqələri qoruyub saxlamaq və Ermənistan rəhbərliyinə Kremlin bölgədəki maraqlarını xatırlatmaq üçün atılmış strateji bir gediş kimi qiymətləndirirlər.
Balanslaşdırılmış və tarazlı xarici siyasət mövzusuna həsr olunmuş xüsusi video müraciətində Ermənistanın Rusiya ilə münasibətləri inkişaf etdirdiyini və bu əlaqələrə böyük əhəmiyyət verdiyini rəsmən elan edib.
Rəsmi İrəvanın Moskvaya sadiqliyini nümayiş etdirən Paşinyan Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında aktiv şəkildə işlədiyini və bundan sonra da bu çərçivədə fəaliyyətini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.
Heç şübhəsiz ki, Nikol Paşinyanın Rusiya lideri ilə 1 aprel görüşündə gizli anlaşma var. Ermənistanın baş nazirinin iyunun ikinci yarısında Rusiya lideri ilə görüş razılaşmasının anonsunu verməsi də təsadüfi deyildi.
Siyasi müşahidəçilər Paşinyanın bu qəfil və kəskin çıxışını, Kremlin son iqtisadi və siyasi təzyiqlərindən, eləcə də sərhəddə ticarət blokadası təhlükəsindən qorxan Ermənistan hakimiyyətinin Qərb layihələrindən imtina edərək yenidən Rusiyanın ağuşuna qayıtması kimi dəyərləndirirlər.
İstənilən halda, maraqlı geridönüşü müşahidə edirik. Belə aydın olur ki, ya Paşinyan Rusiyadan gələ biləcək təhlükəni hiss etdi, ya da Rusiya ilə Ermənistan arasında gizli seçki anlaşması olub. İstənilən halda, Paşinyan üçün 7 iyun seçkiləri taleyüklü seçkilərdir. Bəzi müşahidəçilərin fikrincə, bu seçkilər Ermənistanın bütövlükdə arientasiyasını müəyyən edir. Paşinyanın qələbə qazanması halında Ermənistanın Qərbə interqrasiya istiqamətində sıçrayış edəcəyi, Avropa İttifaqına üzvlüklə bağlı qəti addımlar atacağı güman olunur. Lakin revanşistlərin hakimiyyəti ələ keçirməsi ilə Rusiyanın forpostu statusunun bərpa olunacağı, Kremlin təbəəliyinə qayıdışın reallaşacağı ehtimalı var.
İddialara görə, Ermənistanın baş naziri Nikol Paşinyanın partiyası parlamentdə əhəmiyyətli bir çoxluq qazana bilər.
Ermənistanda 7 iyunda keçiriləcək həlledici seçkilərdən öncə keçirilən sorğu göstərir ki, baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası seçicilərin səslərinin təxminən 65 faizini qazana bilər və bu, ona inandırıcı qələbə və gələcək parlamentdə əhəmiyyətli bir çoxluq vəd edir.
Xəbərə görə, bu haqda “Euronews” “Breavis” sorğularına istinadla yazır.
Qeyd olunur ki, 5-11 may tarixləri arasında 1551 respondent arasında aparılan “Breavis” sorğusu da müxalifət partiyalarından heç birinin 12 faizdən çox səs toplamayacağını göstərir.
Təbii ki, 44 günlük müharibədə uduzmuş Paşinyanın qərbyönümlü oriyentasiyası onun reytinqinə təqsir edib. Amma Putinin zəngi, baş nazirin Rusiya ilə bağlı dedikləri qəribə situasiya yaradır.
Gözləntilər nədir? 7 iyunda erməni seçicisi kimə səs verəcək? Fors-major hadisələr baş verə bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin hər zaman ikili oyun oynayır:
“Vaxtilə Ukrayna siyasətində də oxşar oyunlar oynanılırdı. Məsələn, deyirdi ki, Ukrayna ilə münasibətlərdə heç bir problem yoxdur, Ukrayna qardaş dövlətdir. Hətta xatirimdədir, Soçidə Qış Olimpiya Oyunları olanda, hələ müharibə başlamamışdı, Krım da ilhaq olunmamışdı, Ukrayna idmançıları ilə ayrıca görüşdü, onlara xeyir-dua verdi, xoş arzularını bildirdi. Amma indi vəziyyət necədir? Ukraynaya qarşı işğalçı müharibə davam edir. Ukrayna hakimiyyətini “nasist” adlandırılır. Ermənistanla bağlı da bənzər siyasət yürüdülür. Bir tərəfdən Putin deyir ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçsə, Avrasiya İqtisadi İttifaqında yer ala bilməyəcək. Buradan da Putin nazirlərinə tapşırıq verir ki, Ermənistana təzyiq edin, kənd təsərrüfatı məhsullarının bazara girişinə qadağa qoyun, qazın qiymətinin qaldırılması barədə açıqlamalar verin!”
Politoloq qeyd edib ki, Putin Kremldə yumşaq şəkildə Nikol Paşinyanı hədələyəndən sonra Rusiyanın bütün nazirləri sərt şəkildə Paşinyanı və onun hökumət üzvlərini ittiham edirlər, hədələyici açıqlamalar verirlər. Bütün bunlar parlament seçkilərinə təsir etmək məqsədilə edilir:
“Bu arada Putinin Paşinyanı ad günü münasibətilə təbrik etməsinin də bir səbəbi var. Səbəbi odur ki, əslində Putin də anlayır ki, Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyan partiyasının qələbə çalmaq ehtimalı yüksəkdir. Ona görə də Rusiyada Nikol Paşinyanı nə qədər bəyənməsələr də, onu da anlayırlar ki, hələ Paşinyanla hələ dörd il yola davam etməyə məcbur qalacaqlar. Çünki Paşinyan seçkidə qələbə çalaraq, yenidən baş nazir seçiləndən sonra Kreml onun qələbəsini tanımasa, Ermənistan tamamən Rusiyadan qopacaq və Rusiya bölgədəki son forpostunu da itirəcək. Ona görə Putin qabaqdangəlmişlik edərək Paşinyana təbrik də göndərir ki, hələ bütün körpüləri yandırmayıb, qələbə çalarsa, onunla yola davam etməyə də hazırdır”.
Elşad Paşasoy,
Musavat.com

