Gündəm 

“Arvad” söhbəti BÖYÜYÜR – Qadağan edilsinmi?

Deputat Bəhruz Məhərrəmovun “arvad” ifadəsi ilə bağlı səsləndirdiyi fikirlər son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Məsələ ətrafında bir sıra ictimai xadimlər, mədəniyyət nümayəndələri, eləcə də yazıçı Seyran Səxavət mövzuya münasibət bildirərək fərqli yanaşmalar ortaya qoyublar. Amma Azərbaycanda heç kim ictimai yerdə “arvad” ifadəsini dilinə gətirmir. Bu gün “xanım”, “həyat yoldaşı” müraciəti ilə xitab olunur. Biz kimə “bağışlayın, ay arvad” və ya “ay qadın” deyirik ki?! Sadəcə, ailədə həm kişinin, həm də qadının çox aydın rolunu ifadə edən “ər” və “arvad” sözləridir.

Bəhruz Məhərrəmov: Böyük Yeddiliyin üzvü kimi İtaliya ilə münasibətlərin  inkişafı rəsmi Bakının da prioritetləri ilə üst-üstə düşür - AZƏRTAC

Bəs bu söz qadağan edilsinmi?

Yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a bildirib ki, Azərbaycan xalqının dili təkcə ünsiyyət vasitəsi deyil, həm də onun milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dünyasını özündə əks etdirən ən mühüm dəyərlərdən biridir: “Dilin müxtəlif sahələri inkişaf etdikcə, əslində xalqın düşüncə tərzinin, dünyagörüşünün və ruhunun da zənginləşdiyini müşahidə edirik. Əlbəttə, Azərbaycan dili dünyanın ən geniş yayılmış dillərindən biri olmasa da, ən qədim və inkişaf etmiş dillər sırasında özünəməxsus yer tutur. Tarixin müxtəlif dövrlərində Azərbaycan türkcəsi təkcə Azərbaycan coğrafiyasında deyil, Qafqazın böyük bir hissəsində ünsiyyət dili kimi istifadə olunub. Türk dilləri ailəsinin Oğuz qrupuna aid olan Azərbaycan türkcəsi zəngin leksik fondu, ifadə imkanları və məna çalarları ilə seçilir. Bu dildə işlənən sözlərin hər biri özündə kifayət qədər aydın və konkret məna daşıyır”.

Onun fikrincə, Azərbaycan dilində qadın cinsinə mənsub insanları ifadə etmək və onları kişilərdən fərqləndirmək üçün çoxsaylı sözlər mövcuddur: “Məlum olduğu kimi, dilimizdə isimlər qrammatik cinslərə bölünmür. Buna görə də kişi və qadın anlayışları daha çox leksik vahidlər vasitəsilə fərqləndirilir. Məsələn, qadın, qız, gəlin, ana, nənə, bibi, xala, qayınana və digər sözlər həmin şəxsin qadın cinsinə aid olduğunu göstərir. Düşünürəm ki, gənc deputat tərəfindən xüsusilə “arvad” sözü ilə bağlı səsləndirilən fikirlər kifayət qədər mübahisəli məsələdir. Məncə, siyasətçilər siyasətlə məşğul olsalar, deputatlar qanunvericilik fəaliyyəti ilə məşğul olsalar, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını ifadə etsələr, ölkədə baş verən ictimai-siyasi proseslərə münasibət bildirsələr daha doğru olar, nəinki dilçilik məsələlərinə müdaxilə etsinlər”.

Aydın Xan Əbilov: “Vasif Talıbovun övladlarının adları bu tip hadisələrdə  hər zaman hallanıb” – YeniMedia.net – Sosial-Analitik Portal

Kulturoloq qeyd edib ki, “qadın” və “arvad” sözlərinin hər biri özlüyündə müxtəlif məna çalarlarını ifadə edir: “Qadın sözü ümumiyyətlə insanın iki cinsindən birini ifadə edən anlayışdır. Necə ki, kişi sözü var, qadın sözü də var. Necə ki, oğlan sözü var, qız sözü də var. Lakin “arvad” sözü daha çox konkret bir şəxsin – kişinin həyat yoldaşını, onun rəsmi və ya dini nikahda olduğu qadını ifadə edir. Məsələn, biz “arvad” sözü ilə “qadın” sözü arasındakı fərqi çox yaxşı bilirik. Filoloqlar və ədəbiyyatçılar isə bunu daha yaxşı izah edə bilərlər. Adətən “filankəsin qadınıdır” deyilmir. Bu ifadə dilimizdə bir qədər pis səslənir. Ancaq “filankəsin arvadıdır” deyiləndə artıq hamı anlayır ki, söhbət onun həyat yoldaşından, uşaqlarının anasından gedir.
Bu anlayış təkcə ailə münasibətini deyil, həm də bir kişinin ömür-gün yoldaşını, həyatını paylaşdığı insanı, mənəvi, ruhi, ictimai və mədəni münasibətlərdə tərəf müqabilini ifadə edir. Hüquqi terminologiyada isə kişi və qadın anlayışlarından istifadə edilir. Məsələn, qadın hüquqları, qadınların müdafiəsi, qadın sağlamlığı kimi ifadələr işlədilir. Burada “arvad” sözü istifadə olunmur. Çünki hər sözün öz yeri və funksiyası var”.

Aydın Xan Əbilov leksionumuzda bəzi sözlərin çıxarılması təklifləri ilə razılaşmadığını də qeyd edib: “Ümumiyyətlə, bəzən məndə belə bir sual yaranır: bu bizdə hansı psixoloji böhran və ya hansı kompleksdir ki, Azərbaycan dilinin bəzi sözlərini, ifadələrini və anlayışlarını sıradan çıxarmağa çalışırıq? “Arvad” sözünün müəyyən məqamlarda işlədilməsinin nəyi pisdir? Ərəb dilində bir anlayışı ifadə etmək üçün onlarla sinonim mövcuddur. Azərbaycan dili də zəngin dillərdən biridir. Bizdə qadına, anaya, həyat yoldaşına, gəlinə və digər anlayışlara verilən ən böyük hörmət əlamətlərindən biri də onların hər birinin ayrıca sözlə ifadə olunmasıdır. Məsələn, dilimizdə “yava arvad” ifadəsi işlənir, amma “yava qadın” ifadəsi işlənmir. Eyni zamanda “yüngül əxlaqlı qadın” ifadəsi işlədilir, lakin “yüngül əxlaqlı arvad” ifadəsi işlədilmir. Bu da göstərir ki, həmin sözlərin semantik yükü və işlənmə sahələri fərqlidir. “Arvad” sözü əsasən həyat yoldaşı mənasında işlənir.

Bu baxımdan “ömür-gün yoldaşı”, “xanım”, “sevgili”, “məşuqə”, “qadın”, “qız”, “gəlin” və digər bu kimi sözlərin Azərbaycan dilinin leksik xəzinəsindən çıxarılmasının, onların istifadəsinin məhdudlaşdırılmasının qəti əleyhinəyəm. Əgər söz yaranıbsa, xalq tərəfindən qəbul olunubsa, yüz illərdir işlədilirsə, qoy dilimizin leksik vahidi kimi yaşasın və inkişaf etsin. Çünki onların hər birinin özünəməxsus mənası və funksiyası var. Heç kimin hansısa sözü qadağan etməyə haqqı yoxdur. Bunun üçün elmi müəssisələr, dilçilik institutları mövcuddur. Əgər doğrudan da hansısa sözün dildən çıxarılması zərurəti yaranarsa, bu, geniş ictimai müzakirələrdən keçməlidir. Necə ki, bəzi inkişaf etmiş ölkələrdə dil siyasəti ilə bağlı qərarlar qəbul edilərkən cəmiyyətin rəyi öyrənilir. Biz qadına “arvad” deməklə və ya “qadın” deməklə onu nə alçaldırıq, nə də yüksəldirik. İnsanların dəyərini müəyyən edən işlədilən söz deyil, həmin sözə verilən məna, ona göstərilən münasibət və cəmiyyətin formalaşdırdığı dəyərlər sistemidir”.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər