Bakıda iş saatları dəyişir: Hamı eyni vaxtda işə getməyəcək
Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. Belə ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub. Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq.
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır.
“Bununla da Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq. Bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir. Təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır.
Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır.
2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsinin reallaşacağı gözlənilir. Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək. Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır”, – deyə Vüqar Bayramov qeyd edib.

