Azərbaycan-Yaponiya əməkdaşlığında yeni mərhələ: iqtisadi və strateji planlar genişlənir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya iki günlük rəsmi səfəri çərçivəsində Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə görüşüb.
Azərbaycan XİN-in görüşlə bağlı məlumatında vurğulanıb ki, Yaponiya ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdəndir.
Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycan-Yaponiya Birgə İqtisadi Komissiyasının fəaliyyəti və 2025-ci ilin sentyabr ayında keçirilmiş Komissiyanın 12-ci iclasının nəticələri yüksək qiymətləndirilib. Tərəflər Azərbaycan-Yaponiya İnvestisiya Sazişinin tezliklə yekunlaşdırılmasının vacibliyini vurğulayıblar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçisi, Şərqi Asiya regionu üzrə ekspert Vüsal Quliyev Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan xarici işlər naziri səviyyəsində 17 ildən sonra Yaponiyaya həyata keçirilən rəsmi səfər Bakı-Tokio münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Ekspert qeyd edib ki, bu səfər yalnız diplomatik təmasların intensivləşdirilməsi baxımından deyil, həm də dəyişən geosiyasi və geoiqtisadi reallıqlar fonunda tərəflərin əməkdaşlıq gündəliyini yenidən müəyyənləşdirməsi baxımından əhəmiyyətlidir:
“İkitərəfli münasibətlərin əsas istiqamətləri sırasında enerji, nəqliyyat-logistika, yaşıl enerji, iqtisadi-ticarət əlaqələri və texnoloji əməkdaşlıq dayanır. Yaponiya uzun illər Azərbaycanın enerji sektorunda mühüm tərəfdaşlardan biri olub. Bununla yanaşı, son dövrdə əməkdaşlıq ənənəvi enerji sahəsindən kənara çıxaraq bərpaolunan enerji, rəqəmsal transformasiya, infrastruktur və sənaye innovasiyaları kimi istiqamətləri də əhatə etməyə başlayıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və yaşıl enerji gündəliyini fəal şəkildə irəli aparması da Yaponiya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın regional mövqeyinin güclənməsi ikitərəfli münasibətlərə müsbət təsir göstərən əsas amillərdən biridir. Xüsusilə Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı fonunda Azərbaycan Avropa ilə Asiya arasında strateji tranzit və logistika qovşağı kimi əhəmiyyətini artırıb. Qlobal təchizat zəncirlərinin diversifikasiyasına xüsusi önəm verən Yaponiya üçün Azərbaycanın təqdim etdiyi alternativ nəqliyyat marşrutları və regional bağlantı imkanları getdikcə daha cəlbedici olur”.
Ekspert hesab edir ki, Azərbaycan Yaponiya üçün bir neçə istiqamətdə mühüm rol oynayır:
“Birincisi, enerji təhlükəsizliyi baxımından Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir. İkincisi, ölkə Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Avrasiya məkanını birləşdirən nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Üçüncüsü, Azərbaycanın həm Türk Dövlətləri Təşkilatı, həm də Qoşulmama Hərəkatı çərçivəsində fəal diplomatik mövqeyi, eləcə də Çin, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında körpü rolunu oynaması Yaponiyanın regionla bağlı strateji maraqları ilə üst-üstə düşür. Eyni zamanda, Yaponiya son illərdə Mərkəzi Asiya və Qafqaza marağını artırır. Bu kontekstdə Azərbaycan regionun ən sabit, iqtisadi baxımdan dayanıqlı və beynəlxalq nəqliyyat layihələrində aparıcı aktorlarından biri kimi Tokionun regional siyasətində daha əhəmiyyətli yer tutmağa başlayır. Buna görə də son səfər yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Yaponiyanın Avrasiyaya dair daha geniş strateji baxışının bir hissəsi kimi qiymətləndirilə bilər”.

