Azərbaycanlılar niyə köhnə maşınlarda gəzir? – Sürətlə köhnələn avtomobil parkı
Baş Dövlət Yol Polisi İdarəsinin Muğanlı–İsmayıllı yolunda baş vermiş ağır qəza ilə bağlı yaydığı müraciət Azərbaycanda illərdir yığılıb qalan daha böyük problemin – köhnəlmiş avtomobil parkının yaratdığı təhlükənin miqyasını göstərir. 1994-cü il istehsalı olan “Mitsubishi” markalı yük avtomobilinin aşması ilə nəticələnən hadisə texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin bütün hərəkət iştirakçıları üçün risk mənbəyi olduğunu ortaya qoyur.
Bəs azərbaycanlılar niyə bu qədər köhnə avtomobillərlə hərəkət edir?
Niyə Azərbaycan vətəndaşı köhnə nəqliyyat vasitəsindən əl çəkmir?
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə avtomobillərin sayı hər il artsa da, onların böyük hissəsi köhnə nəqliyyat vasitələrindən ibarətdir. 2022-ci ildə Azərbaycanda qeydiyyatda olan 1,4 milyondan çox minik avtomobilinin 45 faizi 20 ildən artıq yaşı olan maşınlar idi. Daha 38 faizinin yaşı isə 10-20 il arasında dəyişirdi. Nəticədə avtomobil parkının cəmi 17 faizini 10 ildən gənc avtomobillər təşkil edirdi. Son illərdə yaşı 10 ildən artıq olan avtomobillərin ümumi parkdakı payı 83 faizə qədər yüksəlib. 2026-cı ilin əvvəlinə olan məlumatlar da vəziyyətin ciddi dəyişmədiyini göstərir. Ölkədə qeydiyyatda olan minik avtomobillərinin təxminən 735 mininin yaşı 20 ildən artıqdır və 10 ildən köhnə avtomobillər ümumi parkın 83 faizinə yaxın hissəsini təşkil edir. Bu statistika Azərbaycanı Avropa ölkələrindən, hətta bir sıra qonşu dövlətlərdən fərqləndirən əsas göstəricilərdən biridir. Ancaq məsələ təkcə bununla məhdudlaşmır. Azərbaycanda avtomobil bazarı tam şəkildə idxaldan asılıdır. Yerli avtomobil istehsalı ölkə tələbatının çox kiçik hissəsini ödəsə də, qiymət məsələsi “cib yandırır”.
Yeni avtomobil almaq istəyən vətəndaş onun dəyərinə əlavə olaraq gömrük rüsumları, əlavə dəyər vergisi, aksiz vergisi və digər ödənişlərlə üzləşir. Nəticədə xaricdə 15-20 min dollara satılan avtomobil Azərbaycan bazarında daha yüksək qiymətə başa gəlir. Avtomobil ekspertləri uzun illərdir bildirirlər ki, idxal xərcləri və gömrük siyasəti avtomobil parkının yenilənməsini ləngidən əsas amillərdən biridir. Başqa sözlə, vətəndaş qarşısında seçim qalır. Ya 20-25 min manatlıq köhnə avtomobil almaq, ya da bir neçə dəfə baha qiymətə yeni maşın əldə etmək. Bir çox ölkələrdə avtomobil parkı bank kreditləri hesabına yenilənir. Azərbaycanda isə avtomobil kreditlərinin faizləri və ilkin ödəniş tələbləri əhalinin böyük hissəsi üçün əlçatan deyil. Nəticədə orta gəlirli ailə üçün 2024-2025-ci il istehsalı olan avtomobil almaq ciddi maliyyə yükünə çevrilir. Bu səbəbdən bazarda ən çox tələb görən avtomobillər 15-25 il əvvəl istehsal olunmuş nəqliyyat vasitələridir. Yol Polisinin müraciətində xüsusi olaraq ehtiyat hissələri problemi diqqət çəkir. İstehsaldan çıxarılmış avtomobillərin ehtiyat hissələrinin tapılması ildən-ilə çətinləşir. Bir çox hallarda sürücülər orijinal ehtiyat hissələri əvəzinə istifadə olunmuş və ya keyfiyyəti şübhəli detallar quraşdırmağa məcbur qalırlar. Bu isə əyləc sistemində, sükan mexanizmində, asqı elementlərində və digər həyati vacib qurğularda ciddi təhlükələr yaradır. Xüsusilə dağlıq ərazilərdə və mürəkkəb relyefli yollarda belə nasazlıqların nəticələri faciəvi ola bilər. Mütəxəssislər avtomobil parkının qocalmasının digər səbəbi kimi ictimai nəqliyyatın bütün regionlarda kifayət qədər inkişaf etməməsini göstərirlər. Bakıda metro və avtobus şəbəkəsi müəyyən alternativ yaratsa da, rayonlarda şəxsi avtomobil çox vaxt zərurətə çevrilir. İnsanlar gündəlik həyatlarını təmin etmək üçün köhnə avtomobillərdən istifadəni məcburi şəkildə davam etdirirlər. Köhnə avtomobillər yalnız qəza riski yaratmır. Onlar daha çox yanacaq sərf edir, atmosferə daha çox zərərli tullantı buraxır və şəhərlərdə ekoloji vəziyyəti ağırlaşdırır. Müasir avtomobillərdə olan elektron təhlükəsizlik sistemləri – ABS, ESP, adaptiv əyləc sistemləri, çoxsaylı hava yastıqları və digər texnologiyalar köhnə avtomobillərin böyük hissəsində ümumiyyətlə mövcud deyil. Beləliklə, qəza baş verdikdə insan həyatı üçün risk dəfələrlə artır.
Ekspertlərin fikrincə, problemin həlli üçün bir neçə istiqamətdə paralel addımlar atılmalıdır. Yeni avtomobillərin idxalı üçün gömrük və vergi yükünün optimallaşdırılması, köhnə avtomobillərin utilizasiya proqramının genişləndirilməsi, ekoloji standartlara cavab verməyən nəqliyyat vasitələrinin mərhələli şəkildə dövriyyədən çıxarılması, avtomobil kreditlərinin daha əlçatan edilməsi təcili şərtlər kimi görülür. Əks halda, Muğanlı–İsmayıllı yolunda baş verən qəza kimi hadisələr istisna yox, köhnəlmiş avtomobil parkının qaçılmaz nəticəsi olaraq qalacaq. Çünki məsələ sürücünün məsuliyyəti ilə məhdudlaşmır. Problem ölkənin avtomobil parkının yaşında, Azərbaycan vətəndaşının iqtisadi imkanında və uzun illər ərzində formalaşmış avtomobil siyasətindədir. Azərbaycan yollarında hər 10 avtomobildən təxminən 8-nin 10 ildən çox yaşı olduğu bir şəraitdə qəzalar baş verməsi sualı yersiz görünür. Bu gün “niyə hələ də bu qədər köhnə maşınlarla hərəkət edirik” sualını cavab axtarmalıyıq ki, belə qəzalar Azərbaycan yollarında yaşanmasın.

