Gündəm 

Qurtuluşdan inkişafa uzanan yol – TƏHLİL

Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan möhkəm təməl üzərində Prezident İlham Əliyev Azərbaycanı regionun qüdrətli, güclü və qalib dövlətinə çevirdi

15 İyun-Milli Qurrtuluş Günü ölkəmizdə, onun hüdudlarından kənarda böyük ruh yüksəkliyi ilə qeyd edilir. Təbii ki, bayramlarımız sırasına daxil olan  Milli Qurtuluş Gününün Azərbaycanın həyatında  yerini və rolunu hər günün reallıqlarında görürük. Ümummilli Lider Heydər Əliyev  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün  bu uğurlardan danışmaq qeyri-mümkün idi. Azərbaycanın varlığı sual altında idi. Belə bir çətin dövrdə xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanla bağlı arzularını reallığa çevirmək üçün xalqın dəstəyi ilə bir-birindən mühüm addımlar atdı, bugünkü Azərbaycanın möhkəm  təməlini qoydu.

Milli Qurtuluş Günündən başlanan yolun uğurlarının miqyası o qədər genişdir ki, onları ümumi şəkildə deyil, ayrı-ayrı sahələr üzrə təhlil etdikdə ölkəmizin  bu illər ərzində haradan haraya gəlib çıxdığını daha aydın görür, bunları mərhələ-mərhələ indiki və gələcək nəsillərə çatdırmaq imkanları yaranır. Qurtuluşla başlayan bu böyük siyasi xətt və quruculuq missiyası sonrakı illərdə Azərbaycanın regionda söz sahibinə çevrilməsini, hərtərəfli inkişafını və 2020-ci ilin şanlı Zəfərini təmin edən tarixi əsasları yaratdı. Məhz bu inamlı siyasətin nəticəsində Azərbaycan bu gün öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmiş, qalib dövlət kimi Cənubi Qafqazda yeni geosiyasi reallıqları müəyyən edən güc mərkəzinə çevrilmişdir.

Dünya təcrübəsi göstərir ki, güclü lideri olan dövlətlər, xalqlar yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edirlər. Bu reallıq daim dönə-dönə qeyd edilir ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun  Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi Prezidenti var. Dövlətinə, xalqına bağlı olan, daim ölkəsini inkişafda, yüksəlişdə görmək istəyən liderlərin inkişaf konsepsiyası nümunə olur.

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən təbii ki, özündən sonrakı mərhələdə Azərbaycanın gələcəyini düşünərək növbəti inamın ünvanını göstərməsi xüsusi qeyd edilir. Ümummilli Lider 1993-2003-cü illərdə Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı. Azərbaycanı yüksəkmərtəbəli binaya bənzətməyimiz səbəbsiz deyil. Bina o zaman möhkəm olur ki, onun bünövrəsi düzgün qurulur. Bünövrəsi möhkəm olan binanın mərtəbələrinin sayını artırmaq, ona hər dövrün çağırışlarına uyğun olaraq görkəm vermək asan olur. Bu gün dünya Azərbaycanın timsalında belə möhkəm təmələ malik ölkənin hədəflərə doğru inamlı addımlar atmasının nümunəsini görür. Azərbaycan xalqı daim yenilməzlik, məğrurluq nümunəsi kimi diqqətdə olub, diqqətdədir. Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük ümidlərlə addımlayan xalq məğlubedilməzdir. Azərbaycan bu nümunəni təqdim etdi.

Bu reallığı hər zaman qeyd etməyi özümüzə borc bilirik ki, müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının ölkəmizə qazandırdığı uğurlar göz qabağındadır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızı 30 illik işğaldan azad etdi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Tariximizin Zəfər səhifəsi yazıldı.

2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində Heydər Əliyev siyasətinin Azərbaycana böyük uğurlar gətirdiyini, bütün sahələrdə Azərbaycanın inkişaf etdiyini önə çəkərək bu əminliyi ifadə etmişdir ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.» Dövlətimizin başçısının qarşıdakı dövr üçün verdiyi vədlər sırasında bu mühüm çağırış xüsusi yer tutmuşdur ki, Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik.”

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi və sair kimi həllivacib məsələlər idi. Son 22 ildən artıq dövrün uğurları hər bir vədin konkret əməli işdə öz təsdiqini tapdığını nümayiş etdirir. Cənab İlham Əliyevin jurnalistlərə ilk müsahibəsində səsləndirdiyi fikirlər də Azərbaycanın bugününün və gələcəyinin aydın mənzərəsini yaratmışdı. “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına dövlət başçısı İlham Əliyevin cavabı belə olmuşdu: “Gərək mən ümidləri doğruldam… Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm… Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.» Dövlətimizin başçısı  İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi inkişafı hər bir ölkənin tərəqqisində vacib amil kimi önə çəkərək iqtisadiyyatın şaxələndirilməsini vacib amil kimi önə çəkdi. Bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin zəruriliyi gündəmə gətirildi. Cənab İlham Əliyevin Sərəncamı ilə Regional inkişaf proqramı təsdiqləndi. İlk proqramın əhatə etdiyi 2004-2009-cu illər üçün nəzərdə tutulan bütün hədəflərin uğurlu icrası növbəti üç sənədin qəbulunu zərurətə çevirdi. Artıq dörd Dövlət Proqramı uğurla icra edilib və tarixi Zəfərimizin reallıqları əsasında bütün regionları, o cümlədən işğaldan azad edilmiş əraziləri əhatə edən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi, iqtisadi rayonların yeni bölgüsü aparıldı.

Azərbaycanın hər bir uğurunun əsasında iqtisadi müstəqilliyimizin təmin edilməsi dayanır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli içtifadə etməsi, enerji diplomatiyasını uğurla həyata keçirməsi bu sahədə biri-birindən mühüm addımların atılmasını təmin edir. Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Bunun üçün Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir ki, 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin  iyun ayında onun əsas tərkib hissələrindən olan TANAP,  2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Çoxtərəfli əməkdaşlığın əsası qoyuldu. Bu günün əsas çağırışı isə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimiz bu sahədə böyük potensiala malikdir ki, bu da gələcəkdə həm ölkəmizin, həm də yeni layihələrdə iştirak edəcək ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfə olacaq.

İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı. Tarixi Zəfərə imza atana qədər Azərbaycan böyük yol keçdi. Belə ki, iqtisadi dayanıqlıq bütün sahələrdə təkmil islahatlara geniş yol açdı. Ordu quruculuğu sahəsində atılan addımların nəticəsi idi ki, bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdə oldu. Bütün sahələrdə biri-birindən mühüm uğurlara imza atan Azərbaycanın 44 gündə 30 ilin işğalına son qoyması keçilən yolun təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Bu gün əzəli torpaqlarına qovuşan Azərbaycan çal-çağırlı günlərini yaşayır. Xalqımıza qələbə yaraşır. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi.

2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq. 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldıqdan sonra  «İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır» çağırışını edən  cənab İlham Əliyev onu da vurğuladı ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır. Adı tariximizə Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi qızıl hərflərlə yazılan  dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərindən  bu çağırışı da etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Tarixi Zəfərimizdən 3 il sonra suverenliyimizin tam bərpa edilməsi, 20 sentyabr tarixinin Prezident İlham Əliyevin Sərəncamı ilə tariximizə Dövlət Suverenliyi Günü kimi daxil olması hər birimiz üçün böyük sevinc, qürurdur. Cənab İlham Əliyevin 2023-cü ilin oktyabrında Xankəndidən səsləndirdiyi “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi» çağırışı ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasında 1993-2003-cü illərdə yaradılan möhkəm təməlin rolunu özündə ehtiva etməklə yanaşı, Ümummilli Liderin inamını dorultduğunun sevincinin də ifadəsi idi. Bu sevinc, qürur 2020-ci ilin 8 noyabr tarixində Şuşa işğaldan azad ediləndə Ali Baş Komandanın xalqa müraciətində də öz əksini tapmışdır. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürur hissi ilə vurğuladı.

Bu missiyanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı­nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman bildi­rir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik.”  Cənab İlham Əliyev Ümummilli Liderin  arzularını həyata keçirdi. Dövlətimizin başçısı  44 günlük Vətən müharibəsinin gedişi dövründə  xarici ölkə mətbuatına çoxsaylı müsahibələrinin birində ona ünvanlanan «Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin “əl-qol atması” fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi» sualına cavabını xatırlatmaq istərdik. Cənab İlham Əliyev qeyd etmişdir ki, bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır. Hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam. Hərbi əməliyyatlar aparılan dövrdə bir dəfə də provokasiyalara uymadıq: «Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır.»

Dövlətimizin  başçısı İlham Əliyevin çıxışlarının, xalqa müraciətlərinin hər biri Onun liderlik kejfiyyətlərini özündə ehtiva edən  addımlarının təqdimatı fonunda  Azərbaycanın bu günü və gələcəyi ilə bağlı hədəflərinin təqdimatıdır. 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisiində  prezident və parlament, 2025-ci ilin əvvəlində bələdiyyə  seçkilərinin  keçirilməsi, qazanılan uğurlu nəticələr də həyata keçirilən siyasətə xalqımızın  dəstəyinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının sabahımızla bağlı yaratdığı böyük inamın  təqdimatı oldu. Cənab İlham Əliyev prezident seçkilərində növbəti inamlı qələbəsindən sonra andiçmə mərasimində «İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi» söylədi və ötən dövr ərzində görülən işlərin zəfərlərə yol açdığını böyük qürur hissi ilə qeyd edərək bu çağırışı etdi: « Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.»

Bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar əsasında Qarabağımız, Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Soydaşlarımızın qayıtdığı  şəhərlərin sayı 10-a çatıb. Onlarla kənd və qəsəbə sakinlərinə qovuşub. Bu torpaqlarımız Azərbaycanın müasir şəhərsalma təcrübəsini özündə təcəssüm etdirir.  Hər bir uğurumuz 15 iyun-Milli Qurtuluş Güündən başlanan inkişaf yolunun təqdimatıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə  xarici mətbuata verdiyi müsahibələrinin hər biri bugünümüz və gələcəyimiz üçün zəngin mənbə oldu. Bu baxımdan cənab İlham Əliyevin həmin dövrdə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir… Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualına cavabı da özündə mühüm çağırışları birləşdirir. “Hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum” söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum.

Azərbaycanın Milli Qurtuluş Günündən başlanan 33 illik yolun uğurlarını sadalamaqla bitməz. Əsas olan qarşıya qoyulan hədəf və ona doğru inamlı addımların atılmasıdır. Bunun üçün düşünülmüş siyasət və dövlətinə bağılı olan Liderin olması əsasdır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan bu baxımdan xoşbəxt ölkələr sırasındadır. Qurtuluş addım-addım Azərbaycanı ərazi bütövlüyünün və suverenliyinin bərpasına qovuşdurdu. Heydər Əliyev siyasətinin uğurlarının ümumiləşdirilmiş ifadəsi Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, ölkədə vətəndaş həmrəyliyi və ictimai-siyasi sabitliyin təmin olunması, eləcə də tarixi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasıdır. Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan möhkəm təməllər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı regionun qüdrətli, güclü və qalib dövlətinə çevirdi.

Yeganə Əliyeva, “İki sahil”

Daha çox xəbərlər