Qarabağda bu sahə Azərbaycana milyonlar qazandıracaq – MÜHÜM ANONS
Azad edilmiş ərazilərdə aqrar fəaliyyətin genişləndirilməsi istiqamətində görülən işlər nəticəsində cari təsərrüfat ilində 49,9 min hektar sahədə taxıl əkini aparılıb. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə bildirib. Nazir qeyd edib ki, son 5 il ərzində Kəlbəcər və Laçın yaylaqlarına 1,3 milyon baş heyvan və 590 min arı ailəsinin köçürülməsi təmin olunub.
Nazirin sözlərinə görə, bu müddətdə 1745 hektar yeni meyvə bağı salınıb, 120 min hektardan çox sahədə aqrokimyəvi analizlər aparılıb, 32 min hektardan artıq ərazidə isə bitki mühafizə tədbirləri həyata keçirilib. O, həmçinin bildirib ki, 136 mindən çox heyvanın peyvənd olunması bölgədə epizootik sabitliyin qorunmasına xidmət edir. Nazirin fikrincə, həyata keçirilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə aqrar istehsalın bərpası və davamlı inkişafı üçün möhkəm zəmin yaradır.
Bəs Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın ərzaq təminatında hansı rolu oynaya bilər? Bölgədə taxılçılığın, heyvandarlığın və digər kənd təsərrüfatı sahələrinin inkişafı ölkənin idxaldan asılılığını azaltmağa nə dərəcədə təsir göstərəcək?
Aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev Musavat.com-un bu mövzuda suallarını cavablandırıb.

– Qarabağ və Şərqi Zəngəzur gələcəkdə Azərbaycanın taxıl təminatında əhəmiyyətli paya sahib ola bilərmi?
– Həmin regionda lazım olan dərəcədə taxıl istehsal edilir – az qala Ermənistanın taxıla olan tələbatının əsas hissəsi qədər. Əlbəttə, o istehsalın hamısı yönəldilsə, bu, böyük və effektli məhsul istehsalı deməkdir. Bunun təsirləri olacaq, əlbəttə. Daha doğrusu, “olar” yox, olacaq, inşallah.
– Bu ərazilərdə taxılçılığın inkişafı idxaldan asılılığın azalmasına təsir göstərə bilərmi?
– Belə deyək, idxaldan tam azad olmaq mümkün olmayacaq. Ona görə ki, bizim ərazilərdə yetişən taxılda kleykovinanın, yəni yapışqanlığın miqdarı aşağı olduğundan çörək istehsalında daha keyfiyyətli taxıl məhsullarından istifadə etmək ehtiyacı yaranır. Buna görə də müəyyən həcmdə idxala ehtiyac qalır. Amma digər tərəfdən baxanda, bizim dədə-babalarımız da özləri əkib, özləri biçib, özləri də həmin taxıldan çörək istehsal ediblər.
– Sizcə, bölgənin torpaq və iqlim xüsusiyyətləri daha çox hansı kənd təsərrüfatı məhsulları üçün əlverişlidir?
– Hələ Sovet dövründən həmin ərazilərdə çox güclü üzümçülük ənənələri olub. Yerli sortlardan “Xındoqnı” və s. digər növlər becərilirdi. Orada xarici bazarlara ixrac edilən yüksək keyfiyyətli, markalı şərablar istehsal olunurdu. Bunların hamısı bərpa edilsə, bu, Azərbaycan iqtisadiyyatı üçün əlavə gəlir mənbəyi deməkdir.
Ümumiyyətlə, bütün bunları nəzərə aldıqda belə bir nəticəyə gəlmək olar ki, gələcəkdə kənd təsərrüfatının rolu daha da artacaq. Neft tükənməz sərvət deyil, zaman keçdikcə ehtiyatlar azalır. İqtisadiyyatın gələcəyi daha çox elmə, innovasiyalara və onların tətbiqinə bağlıdır. Bu baxımdan kənd təsərrüfatı böyük potensiala malik sahələrdən biridir. Hazırda ümumi daxili məhsulda kənd təsərrüfatının payı təxminən 5,6 faizdir. Bu çox böyük göstərici deyil. Lakin innovativ texnologiyalar tətbiq olunduqca, elmin nailiyyətləri istehsala inteqrasiya edildikcə kənd təsərrüfatının iqtisadiyyatda rolu daha da artacaq. Bu, qaçılmaz prosesdir. İşçi qüvvəsinin məşğulluğu, məhsulların emalı, istehsalı və ixracı baxımından da sektorun əhəmiyyəti yüksələcək. Çünki dövrün tələbi bunu diktə edir.
– Yaylaq təsərrüfatlarının bərpası ət və süd məhsullarının istehsalına necə təsir göstərəcək?
– Ət məhsulları məsələsi bizim ən həssas mövzularımızdan biridir. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma prosesi davam edir. Bəzən insanlar geri qayıdırlar, amma kənd təsərrüfatının tam canlanması üçün torpaqdan səmərəli istifadə vacibdir. Əslində kəndli torpaqda işləməli, onu becərməli, istehsal etməlidir. Torpaq kəndlinin istifadəsinə verilməlidir ki, əksin, biçsin, məhsul əldə etsin, özünü təmin etsin və bazara məhsul çıxarsın. Bu həm onun gəlirini artırar, həm də ölkədə məhsul bolluğuna səbəb olar. Görünür ki, bunun üçün bir sıra məsələlərin həlli vacibdir.
Otlaq sahələrinin geniş istifadəsi həm məşğulluğu artırar, həm heyvandarlığın inkişafına təkan verər, həm də əkinçiliyin inkişafına kömək edər. Düzdür, iri təsərrüfatlar daha rentabelli hesab olunur. Amma burada təkcə gəlirlilik məsələsi önəm daşımır. İnsanların məşğulluğu, gəliri və sosial rifahı da nəzərə alınmalıdır.
Türkiyədə fermer əməyinə çox yüksək qiymət verilir və bu peşə xüsusi hörmətə malikdir. Çünki fermerlər istehsal edir, bazarı təmin edir və ölkə iqtisadiyyatına ciddi töhfə verirlər. Türkiyənin böyük neft və qaz ehtiyatları yoxdur, amma kənd təsərrüfatı iqtisadiyyatın mühüm dayaqlarından biridir və sabit gəlir gətirir. Əgər orada fermer bu qədər önəmli yer tuta bilirsə, bizdə də eyni nəticəyə nail olmaq mümkündür. İnanıram ki, zamanla Azərbaycanda da kənd təsərrüfatının və fermer təsərrüfatlarının iqtisadiyyatda rolu daha da artacaq.

