TƏBİB-in bəzi müəssisələrində yoxlama aparıldı: 30-dan çox əməkdaş CƏZALANDIRILDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi (TM), Qusar Rayon Mərkəzi Xəstəxanası (RMX), Xəzər TM, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi TM, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı RMX, Sumqayıt TM, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron RMX, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam RMX, İmişli RMX, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar RMX, Hövsan TM, 9 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami TM, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi RMX-də bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.

