Sosial 

Artıq çəkidən əziyyət çəkməmək üçün bunları edin!

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2030-cu ilə qədər dünya əhalisinin 50 faizinin piylənmədən əziyyət çəkəcəyi barədə açıqlaması təsdiqini tapır. Bu gün düzgün qidalanmamaq, xüsusilə “fast food” la qidalanmaq, təbii qidalara, meyvə-tərəvəzlərə az yer vermək, eləcə də qazlı, rəngli, şəkərli içkilərin qəbulu birbaşa kalori miqdarını artırır, eyni zamanda qida dəyəri aşağı hesab olunur. Bu da birbaşa piylənməyə səbəb olur”.

Bu fikirləri Musavat.com-a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib.

Mütəxəssis Məhsəti Hüseynova - FOTOBAZA Pravda.az

Mütəxəssisin sözlərinə görə, artıq çəki problemi həm də telefon, kompüter qarşısında daha çox zaman keçirmək, gün ərzində uzun müddət hərəkətsiz olmaq, fiziki aktivliyin az olması, qəbul edilən qidanın enerjiyə düzgün çevrilməməsi ilə bağlıdır:

“Genetik amillər də öz rolunu oynayır. Genetikasında piylənməyə meyl olanlar qidalanmaya xüsusi fikir verməlidirlər. Bəzən psixoloji faktorlar-stress, depressiya, emosiyaların düzgün idarə olunmaması da bir çox insanda həddən artıq yemək yemə istəyinə səbəb olur. Yaxud uzun müddət iştahasızlıq sonradan nəzarətsiz, düzgün olmayan miqdarda qida qəbuluna səbəb olur ki, bu da artıq çəki problemi yarada bilir. Nəzərdə saxlamaq lazımdır ki, piylənmə, təkcə xarici görünüşün dəyişməsi ilə deyil, eyni zamanda, daxili orqanların yağlanması, onların funksiyasının pozulması ilə nəticələnən problemdir. Davamlı olaraq piylənmədən əziyyət çəkən insanlar sağlamlıqlarına vaxtında diqqət etməsələr, bu zaman ürək-damar xəstəlikləri, qan təzyiqi, yüksək xolesterin, diabet xəstəliklərinin yaranma riski daha yüksək olur. Eyni zamanda, artıq çəkili insanlarda tənəffüs problemi də olur ki, bu, həyat tərzinə və yuxu rejiminə ciddi mənfi təsir göstərir. Artıq çəki ilə əlaqədar daxili orqanların həddən artıq yüklənməsi, öz funksiyalarını kifayət qədər yerinə yetirməməsi “yuxuda ölüm” dediyimiz halın yaranmasına səbəb olur. Eyni zamanda artıq çəki sümüklərə və oynaqlara da təzyiq göstərir ki, bu da ağrıya, hərəkətsizliyə, hərəkət etdikdə isə çətinliyə səbəb olur”.

M.Hüseynova piylənmə problemindən əziyyət çəkməmək üçün erkən yaşlardan başlayaraq, sağlam qidalanmağı tövsiyə edir: “Xüsusilə, yüksək kalorili, boş karbohidratlı, şəkərli qidalar, emal olunmuş məhsulların istehlakını azaltmaq lazımdır. Daha çox təbii qidalardan, yerli meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır. Hər gün fiziki aktivlik olmalıdır, məsələn yürüş etmək lazımdır, yarım saat normal sürətlə gəzmək, yüngül idman hərəkətləri etmək piylənmənin qarşısını alır. Bundan əlavə, qida qəbulu ilə yanaşı, su miqdarını da unutmamaq lazımdır. Hər insan bədən çəkisinə uyğun miqdarda su qəbul etməlidir”.

Nigar Həsənli
Musavat.com

Daha çox xəbərlər