Gündəm 

Qızıl rekord həddə bahalaşır: Azərbaycan bundan nə qazanacaq?

ABŞ və İran arasındakı geosiyasi yumşalma tendensiyaları fonunda qlobal maliyyə bazarlarında investorların davranışları yenidən diqqət mərkəzinə düşüb. Xüsusilə “təhlükəsiz liman” statusunu əsrlərdir qoruyub saxlayan qızıl beynəlxalq qeyri-müəyyənliklər və iqtisadi dalğalanmalar fonunda strateji aktiv və risklərdən qorunma aləti kimi aktuallığını itirmir. Qlobal birjalarda qızılın qiymət dinamikası bu cür makroiqtisadi xəbərlərlə formalaşdığı bir vaxtda, Azərbaycan da öz zəngin yataqları və artan hasilat potensialı ilə regional qızıl bazarında mühüm iştirakçılardan birinə çevrilməkdədir. Ölkədə qeyri-neft sektorunun diversifikasiyası baxımından mühüm strateji əhəmiyyət kəsb edən qızıl hasilatı, həm dövlət ehtiyatlarının gücləndirilməsi, həm də ixrac potensialının artırılması istiqamətində mühüm rol oynayır.

Bəs qlobal bazarlardakı bu geosiyasi gərginliklər və qiymət dalğalanmaları fonunda Azərbaycanın qızıl hasilatı sənayesi hansı çağırışlarla üz-üzədir və ölkəmizin daxili hasilat dinamikası dünya birjasındakı tendensiyalardan necə təsirlənir?

Tanınmış iqtisadiyyat yazarı Dünya Sakit mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Qızıl adətən maliyyə və iqtisadi böhran və ya qlobal iqtisadiyyata ciddi mənfi təsir göstərən hadisələr zamanı etibarlı aktiv kimi diqqət mərkəzinə gəlir. Məsələn, 2025-ci ildə qızılın qiymətindəki kəskin artıma ABŞ prezidenti Donald Trampın gömrük tariflərini qaldırmaq qərarının böyük təsiri oldu. Adətən, qlobal əhəmiyyətli hərbi toqquşmalar, xüsusilə də enerji bazarına təsir göstərən hadisələr dövründə diqqət qısamüddətli əməliyyatlara yönəlir. ABŞ-İran münaqişəsi dövründə biz şahidi olduq ki, qısamüddətli neft-qaz müqavilələrinin dəyəri sürətlə artdı, qızıl isə ucuzlaşdı. İndi tərəflər razılaşma əldə edirlər, qızıl yenidən bahalaşmağa başlayıb. Bu dəfə səbəb münaqişənin qlobal iqtisadiyyata mənfi təsirlərinin qalıcı olmasıdır: enerji bazarları münaqişədən əvvəlki vəziyyətə ən yaxşı halda gələn ilin əvvəlinə qayıda biləcək, yüksək enerji qiymətlərinin bütün sahələrdə səbəb olduğu inflyasiya da davam edəcək. Bu isə qızıla yatırımları artırır”.

DUNYA SAKIT.jpeg (175 KB)

İqtisadçının sözlərinə görə, Azərbaycan üçün qızıl bazarındakı proseslərin 3 istiqamətdə təsiri var:

“Əhalinin xərcləri, şərkətlərin gəlirləri, dövlətin gəlirləri. Məlum, Azərbaycan az da olsa, qızıl ixracatçısıdır. Azərbaycanda qızılın hasilatı və ixracı ilə Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti və dövlətə məxsus AzərGold QSC məşğuldur. Gədəbəydəki məlum hadisələrə görə, 2023-2024-cü illərdə ölkədə qızıl hasilatı azalıb. 2024-cü ilin son rübündə “Anglo Asian Mining plc” hasilatı bərpa edib. Nəticədə ötən il Azərbaycanda qızıl istehsalı 11,3 faiz artaraq 2965,1 kiloqram (təxminən 95 min 330 unsiya) təşkil edib. Ötən il ərzində “AzərGold” beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüş satışı həyata keçirdiyini açıqlayıb. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 43 faiz çoxdur.

“Anglo Asian Mining PLC”nin yaydığı məlumata görə, şirkət 2025-ci ildə qızıl hasilatını 10 min unsiyadan çox artırmaqla 25,061 min unsiyaya çatdırıb. Bu ilin arxada qalan dövründə qızıl hasilatında azalma var, bilavasitə “AzərGold”un hesabına. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə qızıl istehsalı 19,5 faiz azalaraq 826 kiloqram (26 559 unsiya) təşkil edib”.

Dünya Sakit onu da qeyd edib ki, “AzərGold” QSC-nin qızıl hasilatı 2026-cı ilin 4 ayında 20,106 unsiya və ya 625 kq 354 q təşkil edib:

“Bu isə ötən ilin 4 ayındakı 25,273 unsiya və ya 786 kq 80 qramdan 20 faiz azdır. QSC bildirir ki, qızıl hasilatındakı azalma açıq yataqlarda suxurların fiziki göstəricilərindən asılıdır. Suxurların qazıntısı və emalı zamanı qızılla zənginlik fərqli olan laylara çıxılır. Bu isə müəyyən dövrdə daha az xalis qızıl əldə olunmasına səbəb olur. QSC-də əmindirlər ki, ilin sonunadək qarşıya qoyulan hasilat proqnozuna tam əməl olunacaq. Əlbəttə, qızıl qiymətlərinin rekord həddə çatdığı bir zamanda hasilatın azalması Azərbaycan üçün gəlir itkisi deməkdir. AngloAsian Mining şirkətinin açıqladığı məlumata görə, yanvar-mart aylarında qızıl külçələrin satışı bir unsiya üçün orta hesabla 4 728 ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin birinci rübü ərzində bir unsiya üçün orta satış qiyməti 2 843 ABŞ dollarına bərabər olmuşdu. Məhz qızıl və gümüşün qiymətindəki kəskin artım bu ilin ötən dövründə bu qiymətli metalların satışından gəlirlərin artımını təmin edib. “AzərGold” QSC 2026-cı ilin birinci rübündə beynəlxalq və yerli bazarlarda 12 min 284 unsiya qızıl və 22 min 53 unsiya gümüş satıb. Bu zaman satış gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 102,4 milyon manata çatıb. Qızılın qiymətinin yüksək olması Dövlət Neft Fondu üçün də əlverişli olub. Fond birinci rübdə 22,1 ton qızıl satıb, ehtiyatlarının həcmini investisiya qaydalarında nəzərdə tutulan həddə endirib. Fond qızılı neçəyə satdığını açıqlamayıb, amma Bloomberg 3 milyard dollarlıq məbləği qeyd edib. Qızılın qiyməti yüksək olduqca, onun hasilatı ilə məşğul olan həm dövlət, həm özəl şirkətlərin qazancı artır. Bu, dolayısı ilə dövlətin də gəlirlərinə müsbət təsir göstərir: daha çox vergi ödənir, xarici şirkətlə bağlanan müqavilədən dövlətə daha çox pay çatır.

Qızıl qiymətindəki dəyişiklikdən təsirlənən üçüncü tərəf əhalidir. Xalqımız qızılsız toy etmir, bu isə onun qiymətindəki artımın əhalinin büdcəsinə mənfi təsir göstərdiyi deməkdir. Azalma da əksinə, toy edən ailələrin xərcini azaldır”.

Daha çox xəbərlər