Erkən yaşda “Həri” mərasimi keçirənlər cərimələnə bilər?
Erkən evlilik və onun hüquqi nəticələri son dövrlərdə daha çox müzakirə olunan məsələlərdən biridir. Qanunvericilik bu sahədə həm nikah yaşına çatmayan şəxslərin müdafiəsini, həm də müxtəlif mərasimlərin hüquqi məsuliyyətini aydın şəkildə müəyyən edir. Bu mövzuda tez-tez “nişan” və “həri” kimi anlayışların hüquqi statusu ilə bağlı suallar yaranır.
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır:
“Erkən evlilik dedikdə nikah bağlanmadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür. Yəni nişan mərasimi də erkən evlilik anlayışına daxildir, lakin hərilənmək bu anlayışa daxil edilmir.
Qanunvericilikdə evlilik və erkən evlilik anlayışları bir-birindən fərqləndirilir. Nişan olsa belə, qanunvericiliyin tələbinə görə məcbur etmə yoxdursa, nikah yaşına çatmayan şəxslə nişanlanmaya görə hər hansı məsuliyyət yaranmır”.
Vəkil deyib ki, restoran sahibləri diqqətli olmalıdır, çünki erkən evliliklə bağlı hər hansı mərasimin təşkilinə görə restoranlar 9 min manatadək cərimə oluna bilərlər:
“Fiziki şəxslər 500 manatadək, vəzifəli şəxslər isə 4 min manatadək cərimə edilə bilər. Qısacası, məcbur etmə olub-olmamasından asılı olmayaraq nikah yaşına çatmayan şəxslə bağlı mərasimin təşkilinə görə restoran sahibləri məsuliyyət daşıyır.
Hərilənməyə gəldikdə isə ümumiyyətlə məsuliyyət nəzərdə tutulmur. Çünki xalq arasında “həri” kimi tanınan bu mərasim adətən könüllü razılıq xarakteri daşıyır, rəsmi tədbir sayılmır və ictimai obyektlərdə keçirilmir. “Həri” yalnız iki ailə arasında qeyri-rəsmi razılaşmadır və nə Cinayət Məcəlləsinin, nə də İnzibati Xətalar Məcəlləsinin təsir dairəsinə düşür”,- deyə o qeyd edib.

