“İdrak”da müəllimi güllələyən şagirdlə bağlı QƏRAR
Paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində müəllimə qarşı silahlı hücum törətməkdə təqsirləndirilən məktəblinin cinayət işi üzrə məhkəmə baxışı mərhələsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında həm müdafiə tərəfinin, həm də zərərçəkmiş tərəfin vəsatətləri müzakirə olunub.
Musavat.com-un məlumatına görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra yeniyetmənin müdafiəçisi, vəkil Rəşad Mirmehdizadə məhkəmə qarşısında bir neçə vəsatətlə çıxış edib. Vəkil bildirib ki, onun müdafiə etdiyi şəxs yetkinlik yaşına çatmayıb və bu səbəbdən məhkəmə iclaslarının qapalı keçirilməsi məqsədəuyğun olardı. Müdafiə tərəfi hesab edir ki, azyaşlı şəxsin hüquqlarının qorunması və gələcək taleyinə mənfi təsirlərin qarşısının alınması üçün proses ictimaiyyətə açıq olmamalıdır.
Vəkil eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini də istəyib. O, məhkəməyə müraciətində bildirib ki, zərərçəkmiş tərəflə barışıq əldə olunub və bu səbəbdən yeniyetmənin ev dustaqlığına buraxılması mümkündür.
Maraqlıdır ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı vəsatəti dəstəkləyib. Bununla belə, məhkəmə müşavirədən sonra fərqli qərar qəbul edib.
Hakimlər kollegiyası cinayət işini məhkəmə baxışına təyin edib və növbəti iclasın iyulun 1-də keçirilməsi qərara alınıb. Eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. Prosesin qapalı keçirilməsi barədə vəsatət isə təmin edilməyib.
Xatırladaq ki, hadisə bu ilin 6 fevral tarixində Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib. Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllim xəsarət alıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanları tərəfindən təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri həyata keçirilib, hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.
Fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı hadisəni təsadüfi və ya ehtiyatsızlıq nəticəsində baş vermiş əməl kimi deyil, qəsdən törədilmiş ağır cinayət kimi qiymətləndirib. Bu səbəbdən Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri ilə – yəni qəsdən adam öldürməyə cəhd ittihamı üzrə cinayət işi başlanıb.

