Prezidentdən ÖNƏMLİ FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli 936 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli və “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 fevral tarixli 2462 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Musavat.com fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddələr 1018, 1023, № 12 (I kitab), maddə 1154; 2026, № 1, maddə 35, № 2, maddələr 123, 125) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.9-cu bənddən “164.1.26-cı,” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 1.9-1-ci bənd əlavə edilsin:

“1.9-1. həmin Məcəllənin 164.1.26-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi təyinatlı məhsulların istehsalı layihələrinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, digər layihələrə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.”.

2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801 (Cild I); 2024, № 6 (I kitab), maddə 661, № 12 (II kitab), maddə 1371; 2025, № 12 (I kitab), maddə 1154; 2026, № 2, maddə 125) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.5-ci bənddən “20.0.17-ci (ikinci halda) və” sözləri çıxarılsın və həmin bənddə “maddələrində” sözü “maddəsində” sözü ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 3.5-3-cü bənd əlavə edilsin:

“3.5-3. həmin Qanunun 20.0.17-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi təyinatlı məhsulların istehsalı layihələrinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, digər layihələrə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 682; 2019, № 2, maddə 241; 2022, № 8, maddə 858, № 12, maddə 1423; 2023, № 7, maddə 972) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissə üzrə:

3.1.1. 2.1-ci bəndə “olaraq,” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin 10-cu hissəsi üzrə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə, digər hissələri üzrə isə” sözləri əlavə edilsin və həmin bənddə “Nazirlik” sözü “qurumlar” sözü ilə əvəz edilsin;

3.1.2. 2.3-cü bənd üzrə:

3.1.2.1. birinci cümlədə “Nazirlik” sözü “qurumlar” sözü ilə əvəz edilsin;

3.1.2.2. ikinci cümlədə “Nazirlik” sözü “qurumlar” sözü ilə, ikinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin cümləyə “Komitəsinə” sözündən sonra “və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri əlavə edilsin;

3.1.3. 2.4-cü bənddə “Nazirlik” sözü “qurumlar” sözü ilə əvəz edilsin;

3.1.4. 2.5-ci bənddə “Nazirliyə” sözü “qurumlara” sözü ilə əvəz edilsin;

3.2. 3-cü hissə üzrə:

3.2.1. 3.1.2-ci yarımbənddə “Nazirlik” sözü “qurumlar” sözü ilə əvəz edilsin;

3.2.2. 3.3-cü bənddə “Nazirlik” sözü “qurumlar” sözü ilə, “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin cümləyə “Komitəsinə” sözündən sonra “və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2462 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 143 (Cild I); 2026, № 2, maddə 114) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri”;

4.2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri”;

4.3. 10-cu hissənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 11 – 16-cı hissələr əlavə edilsin:

“11. Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri

12. Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri

13. Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri

14. Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri

15. Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri

16. İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.”.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.