Məlum olduğu kimi, son illər, xüsusilə də Bakı şəhərində mopedlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu nəqliyyat vasitələri iqtisadi baxımdan əlverişli, yanacaq sərfiyyatı baxımından qənaətcil və gündəlik hərəkət üçün rahat olsa da, onların sayının artması yol hərəkəti təhlükəsizliyi baxımından yeni çağırışlar yaradıb. Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Elçin Mirzəbəyli deyib. O bildirib ki, məhz buna görə də mopedlərin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanı ilə təmin edilməsi, sürücülük vəsiqəsi əsasında idarə olunması, texniki baxışdan keçirilməsi və icbari sığorta sisteminə cəlb edilməsi beynəlxalq təcrübəyə uyğun addım kimi qiymətləndirilməlidir:
“Bu gün Avropa İttifaqının əksər ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliya, Niderland və digər dövlətlərdə mopedlər qeydiyyata alınır, sığortalanır və onları idarə etmək üçün xüsusi kateqoriyalı sürücülük hüququ tələb olunur. Təqdim edilən layihə isə beynəlxalq təcrübəyə əsaslanmaqla yanaşı, ictimai maraqların qorunmasına və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Bununla yanaşı, gələcəkdə, hazırda müşahidə olunan bəzi məqamların da diqqətə alınmasını zəruri hesab edirəm. Mopedlərlə bağlı hüquqi tənzimləmənin tamamilə doğru olaraq gücləndirilməsi, xüsusilə də çatdırılma xidmətləri ilə bağlı bəzi narahatlıq doğuran sui-istifadə hallarının yaranmasına səbəb olub”.

E.Mirzəbəyli deyib ki, artıq Azərbaycanda da kuryer xidmətləri və çatdırılma sektorunda çalışan şəxslər, elektrik skuterlərdən və velosipedlərdən istifadə etməyə başlayıblar və təəssüf ki, bir çox hallarda həm yol hərəkətinin intensiv olduğu hissədə, həm piyadalar üçün nəzərdə tutulmuş zolaqlarda hərəkət edərək, öz həyatları, piyadaları və digər nəqliyyat vasitələrinin sürücülərini təhlükəyə atırlar:
“Burada diqqət yetirməli olduğumuz mühüm məqam ondan ibarətdir ki, hazırkı layihə mopedləri əhatə etsə də, elektrik skuterlər və velosipedlər o cümlədən kommersiya məqsədilə istifadə olunan sözügedən nəqliyyat vasitələri ilə bağlı hüquqi tənzimləmə hələ tam formalaşmayıb.
Əslində yaxın illərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əsas çağırış məhz bu istiqamətdən qaynaqlana bilər. Bəlli olduğu kimi, Bakı şəhərinin relyefi mürəkkəbdir, küçələrin və prospektlərin əhəmiyyətli hissəsi uzun illər əvvəl salınıb, yol şəbəkəsinin bir çox hissəsində velosiped və skuterlər üçün əlavə zolaqlar yaratmaq, bu zolaqlar üzrə hərəkətin davamlılığını təmin etmək texniki baxımdan mümkün deyil. Bu səbəbdən düşünürəm ki, gələcəkdə velosiped və skuterlərin elektron qeydiyyatı, istifadəçilərin yol hərəkəti qaydaları üzrə qısamüddətli təlimlərə cəlb edilmələri, təhlükəsizlik vasitələrinin məcburi tətbiqi, kommersiya məqsədilə istifadə olunan skuter və velosipedlərin sadələşdirilmiş identifikasiyasını təmin edən mexanizmlərin yaradılması zəruridir.
Qeyd edim ki, bir çox ölkələrdə, o cümlədən Çində və bir sıra digər ölkələrdə elektrik skuterlərinin sürəti maksimum 25 km/saatdırsa, digər texniki göstəriciləri dövlət standartlarına uyğundursa, onları idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmasa belə, nəqliyyat vasitələrinin qeydiyyatdan keçmələri və dövlət qeydiyyat nişanı almaları məcburidir. Sürəti 25km/saatdan yuxarı olan nəqliyyat vasitələrinin idarə olunması üçün isə sürücülük vəsiqəsi tələb olunur. Digər tərəfdən, bu və ya digər şəxs, hansı nəqliyyat vasitəsi idarə etməsindən asılı olmayaraq, əgər yolun hərəkət hissəsinə çıxırsa, o zaman hərəkət iştirakçısına çevrilir və təbii ki, digər iştirakçılar kimi o da hüquqi məsuliyyət daşımalıdır”.
Deputat təqdim olunan qanun layihəsini müsbət qiymətləndirərək, eyni zamanda elektrik skuterlər və velosipedlər və bu qəbildən olan digər nəqliyyat vasitələri ilə bağlı gələcək hüquqi tənzimləmə istiqamətlərinin də aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməsini rica etdi.
