Azad olunan ərazilərdə iyunun 16-dan 21-dək 29 tank əleyhinə mina, 84 piyada əleyhinə mina, 514 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, 1 710.16 hektar ərazi minalardan təmizlənib.
“Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib”, – deyə qurumun Mətbuat xidmətindən bildirilib.
Azərbaycanla Ermənistan arasında sülh dövrü başlanıb, amma mina problem hələ də davam edir. Müharibədən 6 ilə yaxın vaxt keçir, amma erməni terrorunun vurduğu zərər davam etməkdədir…
Azad olunan ərazilərin minalardan tam azad olması üçün bizə neçə il lazımdır?

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, Azərbaycan qarşısında duran ən böyük təhlükələrdən biri torpağın altında gizlənən ölüm saçan minalardır: “Müharibənin başa çatmasından təxminən 6 il keçməsinə baxmayaraq, Ermənistanın basdırdığı minalar hələ də insan həyatını almaqda davam edir. Rəqəmlər problemin miqyasını aydın göstərir. ANAMA-nın məlumatına görə, 2020-ci ilin noyabrından 2025-ci ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə 247 min hektardan çox ərazi təmizlənib, 236 mindən artıq mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Onların arasında 40 mindən çox piyada əleyhinə, 22 mindən çox tank əleyhinə mina var. Təkcə 2025-ci il ərzində 69 min hektardan artıq ərazi təmizlənib, 4 963 piyada əleyhinə mina, 1 861 tank əleyhinə mina və 52 392 partlamamış hərbi sursat zərərsizləşdirilib.
Bu göstəricilərə əsasən demək olar ki, Azərbaycan minatəmizləmə sahəsində dünyanın ən iri humanitar əməliyyatlarından birini həyata keçirir. 2024-cü ildə 62 min hektar ərazi təmizlənmiş, 65 min 821 mina və sursat aşkarlanmışdı. Bu isə göstərir ki, minatəmizləmə işlərinin sürəti ildən-ilə artır. Lakin təhlükə hələ də böyük olaraq qalır. ANAMA rəhbərliyinin açıqlamalarına görə, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində 1,5 milyona qədər mina basdırıb. Bu, dünyanın ən yüksək mina sıxlığına malik bölgələrindən birinin məhz Qarabağ və Şərqi Zəngəzur olduğunun sübutudur”.
Hərbi ekspert deyib ki, mina terrorunun humanitar nəticələri daha ağırdır: “Vətən müharibəsindən sonra indiyədək 415 nəfər mina və partlamamış hərbi sursatdan zərər görüb. Onlardan 71 nəfər həlak olub, 344 nəfər yaralanıb. Ümumilikdə isə 1991-ci ildən bəri Azərbaycanda mina qurbanlarının sayı 3400 nəfəri ötüb. Bu rəqəmlər göstərir ki, mina problemi artıq yalnızca təhlükəsizlik məsələsi deyil. Bu, həm də iqtisadiyyat, kənd təsərrüfatı, turizm və Böyük Qayıdış proqramının qarşısında duran əsas maneədir. Məsələn, Ağdam, Füzuli, Kəlbəcər və Laçında minlərlə hektar münbit torpaq hələ də dövriyyəyə daxil edilə bilmir”.
Hərbi ekspert deyib ki, son illərin orta göstəricilərinə baxsaq, Azərbaycan ildə təxminən 60-70 min hektar ərazini mina təhlükəsindən təmizləyir: “Bu temp yüksək hesab olunsa da, çirklənmiş ərazilərin genişliyi nəzərə alınanda problemin tam həlli üçün hələ uzun zaman tələb olunur. Ekspert qiymətləndirmələrinə görə, prioritet yaşayış və iqtisadi ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi üçün ən azı 8-10 il, bütün mina təhlükəsinin aradan qaldırılması üçün isə daha uzun müddət lazım ola bilər”.
Hərbi ekspertə görə, bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda 2 cəbhə mövcuddur: “Birincisi, yolların, şəhərlərin və kəndlərin yenidən qurulmasıdır. İkincisi isə görünməyən, lakin təhlükəli olan mina cəbhəsidir. Hər yeni kəndin, hər yeni məktəbin, hər yeni hava limanının arxasında əvvəlcə minatəmizləyənlərin həyatı bahasına apardığı mübarizə dayanır. Bu mənada mina problemi, sadəcə, müharibənin qalığı deyil. Bu, Ermənistanın işğaldan sonra da davam edən və hər gün insan həyatı üçün təhlükə yaradan terror mirasıdır. Qarabağın tam dirçəlişi isə son mina zərərsizləşdirildikdən sonra mümkün olacaq”.
