Səhiyyədə yeni dövr: Prezidentin sərəncamı nələri dəyişəcək? – Rəşad Mahmudov AÇIQLADI

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən yeni Dövlət Proqramı ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi və vətəndaşların müasir xidmətlərə çıxış imkanlarının artırılması baxımından mühüm mərhələdir. Proqramın ən diqqətçəkən istiqamətlərindən biri də könüllü tibbi sığorta (KTS) mexanizmlərinin inkişafının təşviq edilməsidir”.

Musavat.com xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov yazıb.

Rəşad Mahmudov: “Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunu təqdirəlayiq hadisə kimi qiymətləndirmək lazımdır”

Deputat bildirib ki, bu yanaşma təkcə sığorta sektorunun deyil, bütövlükdə səhiyyə sisteminin inkişafına və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək:

“Bu mövzuya yanaşarkən çox vacib bir məqamı başdan vurğulamaq lazımdır: söhbət İcbari Tibbi Sığortanın alternativindən deyil, onun üzərində qurulan və sistemi daha da gücləndirən Könüllü Tibbi Sığorta mexanizminin inkişafından gedir”.

Azərbaycan səhiyyəsində son illərin ən böyük islahatının İcbari Tibbi Sığorta sisteminin qurulması olduğunu qeyd edən R.Mahmudov, bu sistem vasitəsilə milyonlarla vətəndaşın dövlət tərəfindən maliyyələşdirilən tibbi xidmətlərə bərabər çıxış imkanı qazandığını vurğulayıb:

“Son 3 ilin uğuru: Yüzminlərlə insana qiyməti 5 000 – 50 000 ABŞ dolları ekvivalentində olan yüksək texnologiyalı mürəkkəb əməliyyatlara və transplantasiyaya əlçatanlıq təmin edilib.

Sosial dövlət prinsipi: İcbari Tibbi Sığortanın əsas missiyası vətəndaşın minimum zəruri tibbi xidmətlərə çıxışını təmin etməkdir”.

Komitə sədrinin müavini qeyd edib ki, Almaniya, Fransa, Niderland, İsveçrə, Türkiyə və Rusiya kimi inkişaf etmiş ölkələrdə səhiyyə yalnız baza sığortası üzərində qurulmur. Bu modellərdə dövlət baza xidmətləri təmin edir, könüllü sığorta isə vətəndaşa əlavə seçim və yüksək komfort imkanları yaradır:

“Dövlət sistemi və dövlət xəstəxanaları nə qədər inkişaf etsə də, dünyanın heç bir ölkəsində bütün xidmətlərin məhdudiyyətsiz şəkildə yalnız dövlət vəsaiti hesabına göstərilməsi mümkün olmur. Dövlət sistemi ilə yanaşı özəl tibbi sığorta və özəl səhiyyə sektoru da paralel inkişaf etdirilməlidir”.

Rəşad Mahmudovun sözlərinə görə, könüllü tibbi sığortanın genişlənməsi işəgötürənləri də əməkdaşlarına daha keyfiyyətli sosial paketlər təqdim etməyə təşviq edəcək. Bu isə öz növbəsində:

Əmək bazarında şəffaflığın artmasına;

Əməkhaqlarının düzgün rəsmiləşdirilməsinə;

Sosial müdafiə mexanizmlərinin güclənməsinə xidmət edəcək.

“Rəqabət olmayan yerdə inkişaf da olmur. Dövlət sistemi və özəl sektorun paralel fəaliyyəti səhiyyə müəssisələrini yeni texnologiyalara investisiya yatırmağa və vətəndaş məmnuniyyətini artırmağa sövq edir. Nəticədə bundan qazanan tərəf vətəndaş olur”, – deyə deputat yekunda qeyd edib.