Şənbə, 04 İyl, 2026

Bakının rəqəmsal gündəliyi: texnologiya dövlət siyasətinin mərkəzində

“Azərbaycanın dövlət siyasətində rəqəmsal transformasiya artıq ayrıca texnoloji istiqamət deyil, iqtisadi inkişafın, dövlət idarəçiliyinin modernləşdirilməsinin, milli təhlükəsizliyin və insan kapitalının gücləndirilməsinin əsas prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar göstərir ki, Bakı rəqəmsallaşmanı ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm dayaqlarından biri kimi qəbul edir”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Asif Əsgərov deyib.

O qeyd edib ki, bu baxımdan 2026-cı ilin fevralında qəbul olunan qərarlar və ardınca Rəqəmsal İnkişaf Şurasının yaradılması Azərbaycanın texnoloji inkişaf mərhələsində yeni institusional çərçivə formalaşdırıb: “Rəqəmsallaşma, elektron hökumət, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində dövlət siyasətinin vahid koordinasiya altında idarə olunması həm çevik qərarvermə, həm də milli rəqəmsal suverenliyin möhkəmləndirilməsi baxımından mühüm addımdır.

Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” bu sahədə əsas strateji sənəd kimi çıxış edir. Sənəd rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik üzrə dövlətin yaxın üç il üçün hədəflərini müəyyənləşdirir. Planın əsas məqsədi dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, rəqəmsal iqtisadiyyatın payını genişləndirmək, xidmətləri vətəndaş üçün daha əlçatan etmək və Azərbaycanın beynəlxalq rəqəmsal reytinqlərdə mövqeyini gücləndirməkdir.

Artıq bu siyasətin praktik nəticələri görünməkdədir. “mygov” platformasının genişləndirilməsi, müxtəlif dövlət xidmətlərinin vahid sistemdə birləşdirilməsi, proaktiv xidmətlərin tətbiqi və vətəndaş-məmur təmasının minimuma endirilməsi idarəetmədə yeni keyfiyyət mərhələsi yaradır. Pensiyaların avtomatik təyin edilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsinin rəqəmsal formata keçirilməsi, təhsil və notariat xidmətlərinin elektronlaşdırılması bu keçidin konkret nümunələridir. Son aylarda “mygov” istifadəçilərinin sayında ciddi artım da cəmiyyətin rəqəmsal xidmətlərə artan tələbatını göstərir”.

Onun sözlərinə görə, rəqəmsal transformasiyanın digər mühüm xətti innovasiya iqtisadiyyatının qurulmasıdır: “Vençur maliyyələşməsi, startapların dəstəklənməsi, açıq məlumatların biznes üçün əlçatan edilməsi, rəqəmsal istedadların və texnoloji sahibkarlığın təşviqi Azərbaycanı təkcə istehlakçı deyil, həm də rəqəmsal məhsul və həllər yaradan ölkəyə çevirməyə hesablanıb. Bu yanaşma neftdənkənar iqtisadiyyatın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Süni intellektin dövlət idarəçiliyinə və xidmət sektoruna inteqrasiyası da diqqətçəkən istiqamətlərdəndir. “mygov” platformasında virtual köməkçinin istifadəyə verilməsi, dövlət qurumlarında yeni süni intellekt həllərinin tətbiqinə başlanması, milli hesablama gücünün yaradılması və “regulatory sandbox” modelinin hazırlanması göstərir ki, Azərbaycan bu sahədə qlobal texnoloji trendlərlə ayaqlaşmağa çalışır. Burada əsas məqsəd süni intellektin yalnız texnoloji yenilik kimi deyil, idarəetmənin keyfiyyətini artıran alət kimi tətbiqidir.
Kibertəhlükəsizlik məsələsi də rəqəmsal siyasətin əsas sütunlarından biridir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, SOC və CERT kimi yeni strukturların formalaşdırılması, kritik informasiya infrastrukturu üçün təhlükəsizlik tələblərinin sərtləşdirilməsi Azərbaycanın rəqəmsal inkişafı milli təhlükəsizlik kontekstində qiymətləndirdiyini göstərir. Çünki rəqəmsallaşma ilə paralel kibertəhdidlər də artır və bu sahədə dayanıqlı müdafiə mexanizmləri strateji zərurətə çevrilir.

Təhsil və insan kapitalı istiqamətində atılan addımlar isə rəqəmsal transformasiyanın sosial dayağını formalaşdırır. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri, məktəblərin texniki təminatının gücləndirilməsi və elektron xidmətlərin genişlənməsi gələcək rəqəmsal iqtisadiyyat üçün kadr bazasının hazırlanmasına xidmət edir.

Bütövlükdə, həyata keçirilən siyasət göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı sadəcə texnoloji yenilənmə deyil, dövlətin idarəetmə modelinin, iqtisadi inkişaf strategiyasının və milli təhlükəsizlik sisteminin yenidən qurulması kimi dəyərləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu kurs ölkənin rəqabət qabiliyyətinin artırılmasına, innovasiya əsaslı iqtisadiyyatın güclənməsinə və Azərbaycanın regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsinə hesablanıb”.

Mürtəza