Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı
“Kəndlərdə yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Həyətyanı sahələrdə toplanan sular nasoslar vasitəsilə çəkilir. Yağış dayanıb, hazırda günəşli hava müşahidə olunur”.
Bunu Musavat.com-a Balakən bələdiyyəsinin sədri Rövşən Əliyev rayonda baş verən sel fəlakətinin nəticələrindən danışarkən deyib.
O bildirib ki, hazırda həyətyanı sahələrdə və bəzi evlərin zirzəmilərində qalan suların çəkilməsi, eləcə də ərazilərin təmizlənməsi işləri aparılır.
“İkitala kəndində həyətyanı sahələrdə və evlərin zirzəmilərində toplanan yağış suları nasoslar vasitəsilə kənarlaşdırılır. Balakən çayının gətirdiyi iri daşlar və lil kütləsi bəzi ərazilərdə yığılıb. Hazırda suyun səviyyəsinin azalması gözlənilir ki, həmin yerlərdə tam təmizləmə işləri aparılsın. Balakənin heç bir kəndi ilə əlaqənin kəsilməsi halı qeydə alınmayıb”, – deyə o bildirib.
Qeyd edək ki, iyulun 7-si axşam saatlarından Zaqatala və Balakən rayonlarında yağan intensiv yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçay və Balakən çayından güclü sel keçib. Təbii fəlakət nəticəsində yaşayış evlərinə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.