Cəmiyyət 

“Bazarın böyük bir hissəsinə nəzarət edən inhisarçılar qiyməti bahalaşdırırlar”-Ekspert

Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi, istehlak bazarındakı bolluqla da özünü göstərir. Heç şübhəsiz ki, istehlak bazarındakı bolluq, çoxsaylı ticarət obyektlərinin mövcudluğu həm də qiymət müxtəlifliyi deməkdir. Son zamanlar artan şikayətlərə nəzər saldıqda müştərilərin bir çoxunun süni qiymət artımının yaranmasından gileyləndiyinin şahidi olarıq. Süni qiymət artımının daha çox gündəlik istifadə olunan məhsullarda müşahidə olunduğunu deyən müştərilər, bunun aradan qalxmasını istəyir. Belə şikayətlərdən biri də Türkan Kərimli adlı şəxs tərəfindən olub. O, Big.az-a şikayət edərək bildirib ki, bu dəfə süni qiymət artımına uşaq bezləri məhsullarında rastlaşıb:
“27-29 manat olan “Huggies Ultra Comfort” bir müddətdir ki, tapılmırdı.Tapanda da qiymətinin 32 manata olduğunu gördüm. Bu qiymətlərin qalxma səbəbi nədir?”
Sözügedən şikayətlə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli məsələyə aydınlıq gətirib. Big.az-a açıqlama verən ekspert bildirib ki, hər bir satıcının öz məhsulunu istənilən qiymətə satmağa haqqı var:
“Əslində normal iqtisadi institutları və rəqabətli mühit olan ölkədə süni qiymət artımı mümkün deyil. Çünki qiymət artımı yalnız o zaman baş verir ki, bazarda inhisarçılıq meylləri var. Bazarın böyük bir hissəsinə nəzarət edən inhisarçılar sövdələşmə yolu ilə qiymətlərin bahalaşmasında rol oynayırlar. Süni qiymət artımı yalnız inhisarçılıq olan yerdə mümkündür. Əgər bazarda yüzlərlə, minlərlə oyunçu olacaqsa, o zaman sövdələşmə də, süni qiymət artımı da mümkün olmayacaq. O ki, qaldı süni qiymət artımının baş vermə səbəbinə, qeyd edək ki, Azərbaycanda uşaq bezlərinin istehsalı yoxdur. Bu məhsullara qoyulan gömrük vergisi azaldılsa, yaxud da aradan qaldırılsa, o zaman qiymətlərdə də endirim müşahidə edə bilərik. Ümumilikdə isə hər bir satıcının öz məhsulunu istədiyi qiymətə satmaq hüququ var”.
“Əgər müxtəlif ticarət və xidmət obyektlərində müxtəlif qiymətlər təklif olunursa, şübhəsiz ki, alıcı özünə sərf edən varianta – daha ucuz qiymətə üstünlük verəcək. Ən vacibi istehlakçıya bu imkanın yaradılmasıdır. İstehlakçı üçün bu imkan satışda olan hər bir malın üzərində onun qiymətinin göstərilməsi yolu ilə yaradılmalıdır”-deyə iqtisadçı bildirib.

"Bazarın böyük bir hissəsinə nəzarət edən inhisarçılar qiyməti bahalaşdırırlar"-Ekspert

Daha çox xəbərlər