Paşayeva Tovuzda söz verdi: nazirə müraciət… – Foto
Millət vəkili Qənirə Paşayeva yeni dərs ili münasibəti ilə Tovuzda uşaqlar üçün Kitab Günü təşkil edib.
ARANTV.AZ xəbər verir ki, məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitab və jurnallar hədiyyə edən millət vəkili onları daha çox mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.
Q.Paşayeva şagirdləri özəlliklə Azərbaycan tarixi ilə bağlı kitabları və ədəbiyyatımızı daha geniş mütaliə etməyə səsləyib.
Tovuz məktəblərinin kitabxanalarına Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda kitablar hədiyyə etdiyini qeyd edən deputat uşaqları onlardan istifadə etməyə çağırıb.
Millət vəkili görüş zamanı təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyə və məsləhətlərini də verib:
“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası, oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”.
Millət vəkili daha sonra Bozalqanlı kənd orta məktəbini də ziyarət edib, yeni dərs ili öncəsi müəllimlərlə də görüşüb və onların qayğıları ilə maraqlanıb.
Məktəbin təmiri ilə bağlı təkrar təhsil nazirinə müraciət edəcəyini söyləyən millət vəkili Bozalqanlı kimi yaxşı nəticələri olan bir məktəbin qısa zamanda şəraitinin yaxşılaşdırılmasının vacib olduğunu bildirib.


.jpg)
.jpg)
.jpg)