Hadisə 

Evə basqın edərək bir nəfəri öldürüb iki nəfərə xəsarət yetirən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, iki nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

ARANTV.AZ xəbər verir ki, Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2017-ci il iyunun 23-də gecə saatlarında Bakının Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş “Sovetski”) baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu S.Məmmədov üç nəfərlə birlikdə həmin evə gəlib.

S.Məmmədov və M.Əliyeva arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibi və onun oğlu – 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər. S.Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra M.Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. M.Əliyeva xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü S.Məmmədov saxlanılıb.Oxu.Az

Daha çox xəbərlər