“Fast- food”: ləziz dad ya həyati təhlükə?
“Fast-food”ların verdiyi ləziz dadın məğzində nələr dayanır?
Müasir dövrdə insanların qida rasionunda “fast food” (ayaqüstü qidalar) üstünlük təşkil edir. Sağlamlıq problemlərinə yol açan “fast food”-u uşaqlardan tutmuş yaşlılara qədər əksər insanlar xoşlayır və zərərini bilə bilə qəbul edir.
Mütəxəssislər bu cür qidalar haqqında hansı faktları göstərdi?
Mövzu ilə bağlı endokrinoloq-dietoloq Vüsalə Babayeva “İki sahil”ə açıqlamasında bildirib ki, böyümə, formalaşma, inkişafa lazım olan enerji sağlam, faydalı qidalardan alınmalıdır. Qidalanmanın düzgünlüyünə əməl olunmaması, böyümə və inkişafı əngəlləyir, sağlamlığı pozur, həyat keyfiyyətini aşağı salır: “Bu cür qidalar qidaların bizə boş kaloridən başqa heç nə vermir. ““Fast food” trans yağlarla zəngin olduğu üçün istər mədə-bağırsaq, qaraciyər, istər ürək-damar, mübadilə pozğunluqlarına qədər aparan bir yoldur. Çünki bu qidalar boş kaloridir. Bədənə faydalı olan heç bir mikroelement, heç bir vitamin yığmır. Sadəcə, boş kalori alırıq. Ona görə də mübadilə pozğunluğuna, bu da piylənməyə, şəkərə, öd yolunda xərçəngə gətirib çıxara bilir. Təbii, bir dəfə yeyəndə heç bir şey olmaz. Amma sürəkli, həftədə heç olmasa 2-3 dəfə istifadə edilirsə, o zaman orqanizm üçün zərərlidir, ciddi sağlıq problemi yaradır.”
Endokrinoloq belə qidaları dəyəri ucuz, kalorisi yüksək , bol miqdarda duz və şəkər tərkibli adlandırıb: “Fast food”-lar kalorisi yüksək qidalardır. Bəzəb birinin tərkibində 1500 kkal ola bilir. Əsas tərkibi isə şəkər və yağdır. Yüksək karbohidrat olduğu üçün mədəaltı vəzidən insulin ifrazını artırır. İnsulin ifrazı artdıqda bu karbohidratlar və yağlar orqanizmdə ehtiyat piy toxuması şəklində toplanır. Beləliklə həm piylənmə, həm də şəkərli diabet tip 2 riski artmış olur. “Fast food”- larda heyvani mənşəli, trans yağların yüksək miqdardadır. Heyvani mənşəli yağ gündəlik qida rasionunun 7 faizdən azını təşkil etməlidir. Bizim orqanizmimizə doymamış bitki mənşəli yağlar çox faydalıdır. Özəlliklə doymuş yağ miqdarı , digər qidalara nisbətən daha çoxdur. Buna görə də ürək-qan-damar və xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Qidada heyvani mənşəli yağların çox olması ürək damar xəstəlikləri riskini artırır. Duzun miqdarının çox olması isə arterial qan təzyiqini yüksəlməsinə, arterial hipertenziya səbəb olur. Mədə-bağırsaq xəstəliklərə xüsusilə eroziya və xora yaradır.”
Psixoloq Zeynəb Eyyubova isə belə qidaların qəbununun psixoloji səbəbindən söz açdı: “İnsanlarda belə bir instinkt var: özünü qoruma və nəsil artırma. Üstəgəl özünü qorumağın belə bir məqamı var, o da nədir, həzz almaq. Fikir verin, insanlar kompüter arxasında saatlarla oturub oyun oynayır və yaxud oturub bir film seyr edirlər, heç yemək də yadlarına düşmür. Və qidalandıqları təqdirdə də indi insanlarda əvvəlki dönəmlərlə müqayisədə nəyisə gözləmək, səbr etmək anlayışı yoxdur. Tələsik qidalanma, 5 dəqiqəyə hazır olsun, onunla qidalanmaq var. Yəni bu situasiyada insan səhhətini düşünmür. Məsələn, vacib olan bir şey yeyim, təzədən fəaliyyətimi davam etdirim. “Fast food”u istehsal edən şirkətlər də məhz bu psixoloji məqamı nəzərdə tutur, belə qidaların istehsalı ilə məşğul olurlar. Bu dünyanın hər yerində belədir. Sadəcə, burada fərdi gigiyenanın, fərdi sağlamlığın qorunmasından söhbət gedir. Bu da insanın özünə buraxılır. İnsan var ki, misal üçün heç brolyer toyuqlarını almır. Onun üçün əyalətdən, kənddən gəlir, yalnız onlarla qidalanır və çöldə də qətiyyən yemək yemir. Ancaq elə ailələr var ki, mütəmadi olaraq ayaqüstü qidalardan istifadə edirlər.”
Yaqut Ağaşahqızı, “İki sahil”

