Cəmiyyət 

Bal nə vaxt zəhərə çevrilir?

Bal sözün əsl mənasında çoxlu faydalı xüsusiyyətləri olan möcüzəvi təbii vasitə hesab olunur. Bal həm məlhəm kimi, həm qida kimi istifadə olunur və bütün hallarda bədənin sağlamlığına çox yaxşı təsir edir. Bununla yanaşı, az adam bilir ki, müəyyən proseslər getdikdə bal nəinki zərərli ola bilər, həm də əsl zəhərə çevrilə bilər.

Əlbəttə ki, burada söhbət ani təsir edən zəhərdən deyil, bədəndə toplanaraq, orqanizmdə ciddi problemlərə səbəb olan kanserogen maddələrdən gedir.

“news-fast.com” saytının məlumatına görə, Almaniyanın Bremen İnstitutunun balın tədqiqi üzrə mütəxəssislər qrupu müəyyən edib ki, bal və şirniyyat məhsullarının tərkib hissəsi olan oksimetilfurfurol (şəkər parçalanmasının ara məhsulu)  qızdırıldığı zaman konsentrasiyası əhəmiyyətli dərəcədə dəyişir. Bu zaman hətta onkoloji xəstəliklərə səbəb ola bilən zərərli kanserogen maddələr ayrılır.

Alman alimləri Q. Veqner və K. Fon tədqiqat zamanı balı 40 dərəcəyə qədər isidərkən tərkibinin o qədər də dəyişmədiyini, lakin 60 dərəcəyədək isitdikdə ciddi dəyişikliklərə məruz qaldığını müşahidə ediblər.

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin qida standartlarına görə, 1 kq balın tərkibində 40 milliqram oksimetilfurfurolun olmasına icazə verilir.

Normal şəraitdə saxlanılmış təbii balda isə bu maddə cəmi 1-2 milliqramdır.

Balı sərin və qaranlıq yerdə saxlamaq, günəş şüalarından qorumaq lazımdır.

Balın tərkibində oksimetilfurfurolun həcmi təkcə qızdırıldıqda deyil, həm də çox saxlanıldıqda arta bilər.

Professorlar onu da əlavə ediblər ki, həmin maddə “Coca Cola” içkisinin və qovrulmuş qəhvənin tərkibində balla müqayisədə 10 dəfə daha çoxdur, lakin bu məhsulların aludəçiləri hələ də mübahisə edərək, imtina etmək istəmirlər.

Nubar Süleymanova, “İki sahil”

Daha çox xəbərlər