Sumqayıtda direktoru öldürməyə cəhd edən həkimin işi məhkəmədə
Sumqayıt şəhərində həkimi bıçaqlamaqda təqsirli bilinən Pərviz İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, bu ilin avqustun 5-də Sumqayıt şəhərində yerləşən “Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyevin bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin qeyd edilən klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Pərviz İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən Pərviz İbrahimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

