Cəmiyyət 

Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər…

Kimsə tərifləndikdə, uğur qazandıqda, yeni evə köçdükdə, yeni işə qəbul olunduqda, hətta işlər tərs getdikdə, uşaq səbəbsiz ağladıqda belə, o bitki imdadımıza çatır. Söhbət üzərlikdən gedir. Dərhal yandırılır, hər yer tüstüyə qərq olur, problemlər, mənfi enerjilər sanki onunla birlikdə pəncərədən çıxır.

Bəzən bu tüstünün bütöv bir taleyi dəyişdirəcəyinə inanırıq. Məsələn, toylarda, nişan mərasimlərində, elçiliklərdə, gəlinin arxasınca yandırılan üzərlik çox mühüm detaldır. Lakin son zamanlar bizim üçün qalxan rolunu oynayan bu bitki hüquqi müzakirə mövzusudur. Məsələn, çox uzaqda deyil, qonşu Rusiyada üzərlik narkotik vasitə kimi qiymətləndirilir. Hətta bəzi aviaşirkətlər xarici səyahətlər zamanı bu bitkini özünüzlə götürməməyi tövsiyə edir. Maraqlıdır, üzərlik həqiqətən “göz qaytarırmı”?

“Tüstü və alovun pis ruhları qovduğuna inanılır”

Folklorşünas Elxan Yurdoğlu deyir ki, üzərlik ritualı təkcə Azərbaycanda deyil, Orta Şərq-Mərkəzi Asiya mədəniyyətində də inanc sistemi olan ritualdır. Bu inancın kökləri İslamdan əvvəlki dövrlərə qədər gedib çıxır: “Türk və İran mifoloji düşüncəsində də üzərlik ritualı mövcud olub. Bəzi fikirlərə görə, bu ritualın əsas kökü Zərdüştilik dünyagörüşü ilə əlaqəlidir. Tüstü və alovun pis ruhları qovduğuna inanılır”.

İnsanla şər qüvvə arasında simvolik sərhəd

Həmsöhbətimiz deyir ki, Azərbaycan folklor düşüncəsində “gözdəymə” təkcə məişət inancı deyil, onun mifoloji-semantik sistemin bir parçası olduğu düşünülür: “Yəni bu anlayış həm kosmoloji, həm sosial, həm də psixoloji çəkiyə və qatlara malikdir. Burada semantik qat dedikdə enerjinin və baxışın sanki maddiləşməsi, yəni insan enerjisi və həsədli baxışların təsir edə bilən güc formasına keçməsi nəzərdə tutulur. Animistik dünyagörüşə görə, insanın daxilində enerji var, buna ruhun qüvvəsi də deyə bilərik. Bu enerji isə özlüyündə baxış vasitəsilə qarşı tərəfə təsir edə, ötürülə bilər. Xalq düşüncəsində belə bir inanc var ki, gözdəymə zamanı qazanılan uğurun qarşısı alına bilər. Üzərlik isə mifoloji sistemdə qoruyucu vasitədir və əsrlərdir xalq arasında təmizləyici funksiya daşıyıcısıdır. Üzərlik yanarkən onun çıtırtılısı mənfi enerjini dağıtmaq, qovmaq, pis gözləri “çıxarmaq”, “yandırmaq” gücünə malikdir. Hətta üzərliyin yandırılması zamanı tüstünün insanla şər qüvvə arasında simvolik sərhəd yaratmasına inanılır. Günümüzdə üzərlik yandıranların bir çoxu bunu artıq keçmişdən qalan bir ənənənin davamı kimi yerinə yetirirlər. Bu gün evlərdə üzərlik yandıran nənələrimiz, analarımız kollektiv yaddaşı imitasiya edirlər, yamsılayırlar”.

 

 

“Üzərliyin qoruyucu təsiri olduğuna inanıram”

Folklorşünas bildirir ki, üzərlik qədim dövrlərdən mistik və şəfalı ot kimi istifadə olunub. Buna görə də şəfaverici xüsusiyyətlərdən çıxış edən əcdadlarımız ona “gözqaytarma” funksiyası da yükləyiblər: “İnanc sisteminə oturan və davamlılıq qazanan bir ritualı xalqın düşüncəsindən çıxarmaq çətin məsələdir. İnsan inanırsa, bunu dəyişmək çətindir. Mən də üzərliyin müəyyən qoruyucu təsirinin olduğuna inananlardanam. “Belə bir gücü var və ya yoxdur” demək, qəti hökm verməkdir ki, xalq düşüncəsində buna çox da yer yoxdur. Xalq düşüncə sistemində formalaşmış inanc çox vaxt uzun əsrlik təcrübələrin nəticəsi kimi qəbul edilir. Buna görə də folklor irsinin tamamilə yanıldığı qənaətində deyiləm”.

NLP və enerji mütəxəssisi Nuranə Camal deyir ki, üzərlik harmin, harmalin və harmalol kimi kimyəvi tərkib və aktiv maddələrə malik olduğu üçün insan bədənində serotonin, dopamin və noradrenalin kimi neyromediatorların parçalanmasını azalda, ürəkbulanmaya, başgicəllənməyə, hallüsinasiyalara və sinir sistemi pozuntularına səbəb ola bilər: “Orta Şərq, Hindistan və Şimali Afrikanın bəzi bölgələrində qadın sağlamlığı ilə bağlı xalq təbabətində istifadə olunub. Bu inancın arxasında bitkinin tərkibində olan harmalin və harmin kimi güclü bioaktiv alkaloidlərin uşaqlıq əzələlərinə təsir edə bilməsi ehtimalı dayanır. Üzərliyin toxumları yalnız tibbi və ritual məqsədlərlə deyil, həm də boyaq mənbəyi kimi istifadə edilib”.

“İnanc olan yerdə cansız daş da can tapa bilər”

Həmsöhbətimiz bildirir ki, üzərliyin mistik təsirinin səbəbi əslində, onun tərkibində yatır: “Üzərlikdə olan maddələr əsrlər boyu insanlarda tüstüdən sonra yüngül başgicəllənmə, dəyişmiş şüur vəziyyəti və sakitləşmə hissi yarada bilib. Həmin vaxt insanlarda yaranan rahatlıq hissi “enerji təmizləndi” inancını gücləndirib. Tarix boyu davam edən bu inanc bu günə qədər gəlib çatıb və insanların şüurunda üzərlik xüsusi enerjiyə, mistik gücə malik bitki kimi formalaşıb. Düşünürəm ki, Azərbaycan ailələrinin ən azı bir üzvü üzərlik gördükdə onu göz-nəfs təmizləyən bitki kimi qəbul edir və nəticə etibarilə üzərliyə olan inancımız neqativ enerjilərin təsirini azaltmağa xidmət edir. Necə deyərlər, inanc olan yerdə cansız daş da can tapa bilər”.

 

 

“Üzərliyin istifadəsi ilə bağlı birbaşa qadağa mövcud deyil”

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə məlumat paylaşıb. Məlumata görə, üzərlik bitkisinin tərkibində olan harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər elmi ədəbiyyatda “harmala alkaloidləri” və ya “beta-karbolin alkaloidləri” adlanır. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir. Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir.
Ölkədə bu bitkinin qadağasına gəldikdə isə, qurumdan bildirilir ki, hazırda üzərliyin istifadəsi ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər. (“Kaspi” qəzeti)

Daha çox xəbərlər