Gündəlik istifadə etdiyimiz məhsulları tanıyırıqmı?
Günümüzdə market və bazarlardan istənilən məhsulu, meyvə, tərəvəzi tapıb ala bilirik. Ancaq çox az hallarda həmin bitkilərin əslində hansı formada olması, necə çiçəkləməsi, böyüməsi, süfrəyə gəlincə keçdiyi proseslər haqqında düşünürük. Aşağıda düşündüyümüzdən fərqli formada yetişən və hazırlanan məhsullarla tanış ola bilərsiniz:
Zəncəfil
Zəncəfil yalnız Yapon mətbəxi sayəsində deyil, həm də heyrətamiz dadına və faydasına görə məşhurlaşan çoxillik bir otdur. Marketlərdə onun yalnız kökünü görsək də, əslində zəncəfilin iris gülünü xatırladan, al qırmızı çiçəkləri olur.
Düyü
Hətta uşaqlar da bilirlər ki, düyü çox nəm sevən bir bitki olduğu üçün bataqlıqda, suda böyüyür. Ancaq onu şəkildən tanıya bildinizmi? Buğdaya bənzəyən bu bitki, səhər yeməyi, nahar və ya şam yeməyi üçün istehlak etdiyimiz çox pəhrizli və ləzzətli bir məhsuldur.
Çay
Hamımız bilirik ki, çay isti ölkələrdə bitən, çoxlu yarpaqları olan koldur və biz istifadə edənədək emal proseslərindən keçir. Lakin çay kolunun necə çiçəklədiyini görmüsünüzmü? Onun çiçəklərinin yasəmən çiçəklərinə oxşadığını, şirintəhər, bal ətirli olduğunu bilirdinizmi?
Araxis
Bu incə çiçəklər isə araxis koluna məxsusdur. Araxis kolu çoxlu çiçək açır, tozlanmadan sonra isə meyvələri yerin altına gedərək, orada lazımı vəziyyətə çatırlar.
Kivi
Üzəri tüklə örtülmüş bu meyvə hamının sevimlisidir. Əvvəlcə ağ, parlaq çiçəklər açan çox da böyük olmayan kivi ağacının budaqlarında tozlanmadan sonra təqribən alma ölçüsündə meyvələr əmələ gəlir.
Qəhvə
Qəhvənin isə bəzi insanlar kol, bəziləri ağac olduğunu düşünürlər. Əslində qəhvə ağacdır. Onun meyvələri bizim bildiyimiz albalı gilələri formasında, parlaq sarı-qırmızı rəngdədir.
Darçın
Darçın əslində ağac qabıqlarıdır. Seylon darçını adlı ağacın gövdəsindən yonulur. Hesab edilir ki, ən ləzzətli darçın çubuqlarının qalınlığı kağız vərəqinin qalınlığında olmalıdır.
Küncüt
Küncüt bitkisi də çox originaldır. Çox adam düşünür ki, küncüt bitkisi sünbül formasındadır. Əslində isə bu bitki xırda noxuda oxşayır.
Berqamot
Bu bitkini hamı laymla qarışıq salır. Bəzi insanlar isə hesab edirlər ki, berqamot da çay kimi yarpaqlı bitkidir. Berqamot layma oxşar yumru sarı bitkidir.
Xurma
Əslində xurma palma ağaclarında yetişir. Böyük salxımlar şəklində bar verir. Bir ağacdan yüzlərlə kiloqram xurma yığılır.
Kakao
İstifadə etdiyimiz şokoladlar kakao bitkisindən hazırlanır. Əvvəllər qızıl qiymətinə olan bu bitkinin meyvələri ağacdan iri, yumşaq, parlaq rəngli gilələr şəklində sallanır. Gilənin içərisində ətirli kakao toxumları olur.
Nubar Süleymanova, “İki sahil”

