Tətildən sonra işə qayıtmağın çətinlikləri
Ölkəmizdə Yeni il bayramı ilə bağlı elan olunmuş 7 gün qeyri-iş günləri artıq bitib. Bir həftədən çox istirahət edən müxtəlif peşə sahibləri artıq iş başındadırlar. Lakin tətildən dönən bəzi insanlar yenidən işə uyğunlaşmaqda bir qədər çətinlik çəkirlər. Bu uyğunlaşma isə hər bir insana görə fərqlidir. Bu daha çox insanların psixoloji tipindən asılıdır. İş prosesinə sürətli adaptasiya olunanlarla yanaşı, bunu özü üçün problem kimi görənlər də var.
Daha çox işə uyğunlaşa bilməyənlər tətili səmərəli dəyərləndirməyənlərdir. Unutmayaq ki, tətil əmək qabiliyyətini yüksəltmək üçün insana verilən bir stimuldur. Hətta bununla bağlı dünyanın müxtəlif ölkələrində işdən çıxmaq üçün ərizə, xəstəlik arayışları verənlərə də təsadüf edilir. Məsələnin ciddiliyini nəzərə alaraq tətildən sonra işə düzgün adaptasiya olmağın yollarını araşdırdıq.
“İlk həftə işdə nisbətən az yüklə çalışmaq tətil zamanı alınan enerji və müsbət emosiyaların birdən tükənməsinin qismən qarşısını ala bilər”,- deyən sosioloq Zəminə Səfərova “İki sahil”ə açıqlamasında bildirdi ki, rəhbərlik də tətildən sonrakı bu prosesə həssas yanaşmalıdır: “Amma tamamilə arxayınlığa, işə öyrəşməməyə göz yummaq olmaz. Bir sözlə, tətildən sonra işə uyğunlaşmanı insanlar özləri üçün ciddi problemə çevirməməlidirlər. İnsanın istənilən mühitə maksimum bir həftə ərzində uyğunlaşa biləcəyi mümkündür”.
Həmsöhbətim onu da bildirdi ki, bayramdan sonra iş yerinə alışmağa əvvəldən hazır olmaq, yəni iş masasında və işə aid qovluqlarda səliqə-sahman yaratmaq lazımdır: “Bu, sizin işlərinizi azaltmağa, bayramdan sonra nəyi harada axtarmağın lazım olduğunu bilməyinizə yardım edər. Düzdür, istirahətdən sonra işə adaptasiya olunmaq bir qədər çətindir. Təbii ki, buna hazır olmaq lazımdır. Əgər hər kəs işini sevirsə və vəzifəsinə məsuliyyətlə yanaşırsa, sevə-sevə işinə gələcək və vəzifə başında olacaq. İnsan bilməlidir ki, o, gördüyü işlə cəmiyyətə hansısa bir xeyir verir. Bu, mütləqdir”.
Z.Səfərova, həmçinin onu da vurğuladı ki, bayram tətillərindən sonra ilk iş gününüz ola bilsin ki, tələsməklə başlasın. Ona görə ofisə gələndə işlərin hamısına birdən başlamaq lazım deyil. Həmkarlarınızla söhbət etmək üçün vaxt ayırmaqdan qorxmayın. Əksinə, təəssüratlarınızı danışın, öz sözlərinizin təsirindən müsbət emosiyalarla yüklənin. Bu, sizə kömək edər. Mən artıq işdəyəm söyləyin və evdəki xoş anları evdə qoyun, işdəki anlarınızı da işdə. Şəxsən mən ofisə daxil olanda bütün ev-ailə, bir sözlə, şəxsi problemlərimi qapının arxasında qoyub daxil oluram və gülümsəyərək işimə davam edirəm”.
Mənsumə Babayeva, “İki sahil”

