Cəmiyyət 

Nazirlikdən valideynlərin üzünü güldürən – Açıqlama

Yeni dərs ilinin başlaması məktəblərdə yaşanan ümumi məktəbli forması problemini yenidən gündəmə gətirib.

ARANTV.AZ  xəbər verir ki, bəzi məktəb-liseylərin daxili qaydalarına uyğun olaraq, özlərinin formasının olması müəyyən anlaşılmazlığa yol açır. Belə ki, liseylər adətən standart formadan qismən fərqlənən (rəng və məktəbin adını bildirən etiket) geyimlərdən istifadəyə üstünlük verirlər. Valideynlər isə formalardakı dəyişiklik haqda məktəb rəhbərliyinin gec məlumat verməsi səbəbindən ikiqat xərcə düşdüklərindən şikayətçidirlər.

Hazırda bir neçə liseydə belə bir anlaşılmazlıq yaranıb: valideynlər ötənilki formadan alsalar da, lisey xırda rəng dəyişikliyi olan forma barədə məlumatı valideynlərə bir neçə gün öncə göndərib. Həmçinin bildirilib ki, çətinlik çəkənlər sözügedən formaları pulunu ödəməklə məktəbdən götürə bilərlər. Bu anlaşılmazlıq isə narahatlıq doğurub və artıq forma alan valideynlər çıxılmaz duruma düşüblər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov növbəti dəfə bu məsələ ilə bağlı verdiyi rəsmi açıqlamada bildirib ki, heç bir məktəb rəhbəri və ya müəllimi məktəbli formasının satışı ilə məşğul ola bilməz:

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblərdə təhsil alanların geyim forması hər bir məktəbin öz daxili nizamnaməsi ilə müəyyən olunur. Məktəb geyim formasının satışı ilə məşğul olmur. Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər.

Məktəbli formasının satışı və alışı ilə bağlı məcburetmə tədbirləri də ola bilməz. Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz və ya özləri bu satışı həyata keçirə bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”.axar.az

Daha çox xəbərlər