Cəmiyyət 

“Bu səhvlər kütləviləşsə, dilimizdəki problemləri aradan qaldırmaq çətin olacaq”

“Biz iyun ayından monitorinqlərə başlamışıq. Əvvəllər ancaq qəzetlər yoxlamaya götürülürdüsə, indi informasiya saytları da monitorinqə cəlb olunub. Bu il monitorinq qrupunda yenilənmə aparmışıq”.

ARANTV.AZ xəbər verir ki, bu sözləri “Xalq qəzeti”nin Humanitar siyasət şöbəsinin müdiri İlham Abbasov “Azərbaycan media məkanında ədəbi dilin qorunması” mövzusunda keçirilən tədbirdə deyib.

İ.Abbasov hazırkı monitorinqlərin əvvəlkilərdən prinsipcə fərqləndiyini bildirib.

“Son 3 ayda aparılan yoxlamar göstərir ki, dil normalarının pozulması baxımından saytların vəziyyəti qəzetlərdən daha pisdir. Çünki onlayn mediada materialın təqdimatında tələskənlik var. Yazılar əgər 2-3 nəfər tərəfindən oxunsa, mətndəki 10 səhvdən 5-i olmaz. Deyirlər ki, o qədər oxumağa vaxt yoxdur. Bizim dilçi mütəxəssislər ən çox leksik pozuntulara diqqət yetirir. Məsələn, yazırlar ki, “Dünən lokantadan çıxdım, dostuma rast gəldim”. Düzəliş deyəndə “lokanta” sözünü başqası ilə əvəzləyirlər, amma qrammatik pozuntulara fikir vermirlər. “Çıxdım” əvəzinə “çıxanda” olmalıdır. Nəzərə almaq lazımdır ki, belə səhvlər kütləviləşsə, aradan qaldırmaq çətin olacaq. Orfoqrafik səhvlər daha çox gözə görünür və oxucunu qıcıqlandırır”, – Abbasov deyib.

Onun sözlərinə görə, ən çox rast gəlinən pozuntulardan biri də üslub və ifadə səhvləridir:

“Mətbuatda yol verilən səhvlərin 80 faizindən çoxu üslub və ifadə səhvləridir. Səhvlər dili və predmeti bilməməkdən irəli gəlir. Ona görə ki, ədəbiyyatdan yazan ədəbiyyatı, idmandan yazan idmanı bilmir. Jurnalist yazdığı sahəni bilməli, yazı üçün özünü hazırlamalıdır. Hazırda bu səhvlərin aradan qaldırılması istiqamətində yoxlamalar gedir. 2012-2013-cü illərə baxanda medianın dilində xeyli peşəkarlaşma var. Ümumiyyətlə, cəmiyyətimiz, dövlətimiz dil problemlərinə əvvəlki dövrlərə nisbətən daha diqqətlə yanaşır. Bu müsbət tendensiyaya davam etmək lazımdır. Bəzi gənc qələm sahibləri deyirlər ki, Azərbaycan dili fikirləri ifadə etməyə kifayət etmir. Necə olur ki, bütün dünya ədəbiyyatı bu dilə tərcümə olunur, amma sən fikrini ifadə edə bilmirsən. Bütün bunlar dil kompleksindən, dili bilməməkdən irəli gəlir”.publika.az

Daha çox xəbərlər