Cəmiyyət 

“Məmmədli kəndində işıqlar niyə tez-tez sönür?”-RƏSMİ AÇIQLAMA

Abşeron rayonu Məmmədli kəndinin sakinləri işıqlarının tez-tez sönməsi ilə bağlı BiG.AZ saytına şikayət ünvanlayıb.
Müxbirlə söhbət zamanı kənd sakini bildirib ki, kəndin işıqlarının sönməsinin səbəbini öyrənmək də müşkülə çevrilib:
“”Azərişıq ASC”-nin qaynar xətti ya telefona cavab vermir ya da “qəza var” deyərək vətəndaşı başlarından edirlər. Yayda bir ay yenidənqurma ilə əlaqədar işıqlarımızı söndürürdülər. Biz də razılaşırdıq ki, yəqin qışda problem olmaz. Amma problemimiz həll olunmadı, yenə də işıqlarımız sönür. Bu gün səhər saat səkkizdən işıqlar sönüb. Evimizdə körpə uşaq, xəstə insanlar var, soyuq havada hara gedək? Qaynar xəttə zəng edirik, ya məşğul olurlar, ya da “qəza var” deyə bizi başlarından edirlər”.

Məsələ ilə bağlı əməkdaşımız “Azərişıq ASC”-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. Tanrıverdi Mustafayev bildirib ki, orada tikilən evlər texniki şərt almadığına görə tez-tez belə qəzalar baş verir:

“O kənddəki evlər bir-birinə yaxın şəkildə tikilib. Heç biri texniki şərt alıb işıq çəkdirməyiblər. Yayda biz yeni xətt çəkdik ki, belə problemlər olmasın amma yenə də olur. Ev tikəndə necə ki, gedib qum, daş alınırsa, elə də texniki şərt alıb bizim əməkdaşlara çəkdirməlidirlər. Qəza olur, biz də çalışırıq problemi yerində həll edək. Beş ildir bizim ASC yaranıb. O ərazi əvvəl bizə baxmırdı, sonradan verildi. Biz də çalışırıq ki,düzəldək. Bütün ölkənin işıq sistemi köhnəlib. Hamsı yenidən qurulmalıdır. Çətin prosesdir amma çalışırıq həll edək”.
Samirə Qasımova

Daha çox xəbərlər