Azərbaycanda yeni qayda tətbiq ediləcək? – İnternet klublar bağlana bilər
Türkiyədə məktəblilərin kənar, zərərli təsirlərdən qorunması üçün yeni qanun qüvvəyə minib. Qanuna görə internet klublar məktəblərə yaxın ərazidə fəaliyyət göstərə bilməyəcək. İnternet klub açmaq istəyən şəxslər kompüter biliklərinə dair Təhsil Nazirliyindən sertifikat almalı olacaq.
Azərbaycanda da valideynlər məktəblilərin dərslərdən yayınmasından şikayətçidir. Bəs bizdə də qonşu ölkədəkinə oxşar qaydalar tətbiq edilə bilərmi?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a açıqlamasında bildirdi ki, təkcə internet klublarına görə yox, məktəblərin ətrafında yerləşən bütün iaşə obyektləri ilə bağlı qanunuvericiliyə dəyişiklik olunmalıdır.
“Dünya təcrübəsinə görə məktəblərin inzibati binasının yaxınlığında, yəni 120 metr məsafədə şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun olmayan ictimai iaşə obyektləri ola bilməz. Təəssüflər olsun ki, bizdə bu normalara riayət olunmur. Burada təkcə söhbət internet klublarından getmir, eyni zamanda bizdə dəhşətli hal ondan ibarətdir ki, məktəblərin düz qarşısında və ya yaxınlığında heyvan kəsimi məntəqələri var. Hər gün səhər-səhər uşaqlar kəsilmiş heyvan başları görür, hətta bunun canlı şahidi də olurlar. Digər tərəfdən düz məktəbin qarşısında köşklər yerləşir ki, köşklərdə spirtli içkilər və ya siqaret məmulatları satılır”.
Ekspert deyir ki, davamiyyət problemi bütünlükdə internet klublarla əlaqəli deyil:
“Etiraf edək ki, bu gün gənclərin cəmi 10%-i internet klublardan istifadə edir. Əgər 2010-cu il ilə 2020-ci ili müqayisə etsək, görərik ki, gənclərin 70-80%-i internet klublarında idi. Amma bu gün smartfon telefonlar rahatlıqla bu problemi həll edə bilir. Yəni insanlar internet klublarına yalnız müəyyən oyunlar oynamağa gedirlər. Şagirdlərin dərsə davamiyyətinin zəif olması onların dərs vaxtı hazırlıqlara, repetitor yanına getmələri ilə bağlıdır və yaxud da əmək münasibətlərinin tərkib hissəsi olması ilə bağlıdır”.
K.Əsədov deyir ki, əlbəttə, monitorinqlər aparmaq lazımdır, ancaq reyd aparmaqla həll olunası iş deyil. Təkcə Bakıda 317 məktəb və 440 min şagird var. Onların hamısını izləmək mümkün deyil. Biz sadəcə görüntü xatirinə reyd keçiririk. Deyək ki, mən həmin obyekti işlədən şəxsəm, mən dövlətə vergimi ödəyirəm, müəllimlər də buradan maaş alır, elə bir qayda yoxdur ki, siz bunu mənə qadağa edəsiz. Bəlkə də onlar internet klubuna informasiya əldə etmək üçün gedirlər. Deyək ki, şagirdin evdə interneti yoxdur, dərslə əlaqədar yeni məlumatları öyrənmək üçün ora üz tutur.
Şagirdlərin səmərəli asudə vaxt keçirməsi üçün, onlar kənar və zərərli vərdişlərdən uzaq tutulması üçün qanunuvericiliyə dəyişiklik etmək və müxtəlif imkanlar, şərait yaratmaq lazımdır. Ölkə prezidenti İlham Əliyevin qərar və sərəncamları ilə bütün məktəblərdə müasir avadanlıqlar və yüksək sürətli internet olmalıdır. Şagirdlər internet kluba getmək əvəzinə, müəyyən saytlara qadağalar qoymaq şərtilə, internetdən istifadə edə bilməlidirlər. Yoxsa ki, məktəb direktorları məktəblərdəki kompyuterləri satıblar, internetin də sürəti bərbad vəziyyətdə. Sadəcə bizdə görülən işlər səmərəli və yetərli deyil”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev isə ötən gün jurnalistlərə açıqlamasında deyib ki, təhsildən yayınan uşaqların məktəbə cəlb olunması ilə bağlı internet klublarda mütəmadi olaraq reydlər keçirilir. Qeyd olunan məsələlərlə bağlı bilavasitə məktəblərdə həmin uşaqlar və onların valideynləri ilə profilaktik işlər aparılır.

