Gündəm 

Vaşinqtonda Atlantik Şuranın təşkil etdiyi tədbirdə Cənub qaz dəhlizi və Avropanın enerji təhlükəsizliyindən bəhs edilib

ARANTV.AZ xəbər verir ki, Vaşinqtonda ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən olan Atlantik Şuranın təşkil etdiyi tədbirdə  Cənub qaz dəhlizi və Avropanın enerji təhlükəsizliyindən bəhs edilib.
Atlantik Şurada “Cənub qaz dəhlizi və Avropanın qaz təchizatının gələcəyi” mövzusunda dinləmələr keçirilib. Şuranın Global enerji mərkəzinin rəhbəri Riçard Morninqstarın moderatorluğu ilə keçirilən paneldə Cənub Qaz Dəhlizinin yaxın gələcəkdə Avropa qitəsinin qaz təchizatının diversifikasiyasına real surətdə töhfə verə biləcək əsas layihə olduğu vurğulanıb. Tədbirdə ABŞ dövlət qurumları, Vaşinqtonda akkreditə olunan diplomatik korpus təmsilçiləri, analitik mərkəzlərin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və sərmayələr üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov Cənub Qaz Dəhlizinin Avropa ölkələrinin iqtsiadiyyatına verdiyi töhfə haqqında danışaraq vurğuladı ki, cənub qaz dəhlizi təkcə Azərbaycanda hasil ediləcək qaz ilə məhdudlaşmayacaq, həmçinin  digər təbii qaz ixracatçıları üçün də infrastruktur layihəsi rolunu oynayacaq.
Çıxış edənlər qeyd edib ki, ABŞ, Avropa İttifaqı, Azərbaycan və Türkiyə üçün uzunmüddətli bir prioritet olan Cənub Qaz Dəhlizi Trans Anadolu təbii qaz boru kəməri və Transadriatik boru kəməri vasitəsilə Azərbaycan qazını Avropaya gətirərək enerji təhlükəsizliyinə zəmin yaradacaq.

Daha çox xəbərlər