Siyasət 

Bölgələrin inkişafı dövlət siyasətinin əsasıdır

2004-cü ildən icrasına başlanan regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrimizin, ümumilikdə Azərbaycanın həyatına yeni nəfəs gətirdi. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirmişdir ki, dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Əvvəlki üç proqram çərçivəsində böyük  işlər görülüb. Amma görüləsi işlər hələ çoxdur: “Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır”.

Dövlətimizin başçısı İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfəri Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrasına, həmçinin həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Tədbirlər Planının təsdiqlənməsinə geniş imkanlar açır. Prezidentin bu günlərdə Kürdəmirə səfəri və səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirakı da deyilənlərin təsdiqidir.

Cənab İlham Əliyevin səfəri bir sıra infrastrukturun yenilənməsinə yönələn layihələrin icrasının başa çatması ilə yadda qaldı. Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidən qurulmasından sonra açılışında iştirak edən dövlətimizin başçısına yol infrastrukturunun yenilənməsi ilə bağlı məlumat verilərək bildirildi ki, imzalanan Sərəncama əsasən, son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi 33 kilometrlik Pirili -Muradxan-Sor-Sor yoludur. Bu yol öz başlanğıcını 2 nömrəli Bakı -Kürdəmir -Yevlax avtomobil yolundan götürən və respublika əhəmiyyətli Ağsu -Kürdəmir-İmişli yoluna birləşir. İkinci yol layihəsi isə 37 kilometrlik Karrar -Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. Cənab İlham Əliyevin Kürdəmirlə bağlı “Dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır” söyləməsi dövlətimizin başçısının bu sahəni xüsusi diqqət mərkəzində saxlamasından irəli gəldiyini bir daha təsdiqlədi.

İqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini nəzərə alsaq, Kürdəmirdə “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının yaradılması da aqrar sferada yeni infrastruktur olmaqla yanaşı, inkişafa xidmət edən mühüm layihədir.

Ölkə Prezidentinin Kürdəmir səfəri çərçivəsində baş tutan daha bir mühüm tədbir dünyaya Azərbaycan brendi kimi təqdim edilən “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi oldu. Bu da könüllülər proqramının daha da genişləndirilməsinə xidmət edir. Kürdəmirdə “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. 2020-ci ilin fevral ayında tikinti başa çatıb. “ASAN Həyat” kompleksi üçün ayrılan 2,055 hektar ərazidə inzibati bina, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik yığılıb-sökülən yay kafesi, 12 yerlik kinoteatr, 191 yerlik restoran və “ABAD food hall” yaradılıb.

“ASAN xidmət” əməkdaşlarının və könüllülərin çıxışlarını dinləyən dövlətimizin başçısı qeyd etdi ki, Könüllülər hərəkatı, əslində, ölkəmizdə “ASAN xidmət” mərkəzlərində başlamışdır. Əsas vəzifə ondan ibarətidi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsin, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonar Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır.

Səfər çərçivəsində  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının da açılışı oldu. Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Sözsüz ki, bütün bunlar sonda yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli deməkdir.

Mənsumə Babayeva, “İki sahil”

Daha çox xəbərlər