Siyasət 

Heydər Əliyev bizə Lissabonun ən yaxşı restoranında qonaqlıq verdi — Tofiq Zülfüqarov 24 illik SİRRİ AÇDI

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Space” telekanalında “Sadə həqiqətlər” verilişində nazir postundan istefa verməsinin əsas səbəblərini, Heydər Əliyevin onlara Lissabon sammitindəki uğurlarına görə ən yaxşı restoranda ziyafət verməsindən danışıb. O, eyni zamanda indiki Xarici işlər naziri Elmar Məmmədyarovun fəaliyyətini kəskin tənqid edib.

ARANTV.AZ   xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ilk olaraq həm nazir postuna gətirilməsi, həm də istefası barədə məsələlərə aydınlıq gətirib.

Nazir postuna təyin olunmasından danışan Zülfüqarov deyib ki, məni bu posta heç kimin təqdimatı olmadan Heydər Əliyev təyin edib.
İstefasına gəldikdə isə T.Zülfüqarov deyib ki, bu, strateji taktiki bir addım idi: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində elə bir məqam yarandı ki, istefa verməyə məcbur olduq. Təkcə mən yox, digər məsul şəxslər də istefa verməli oldu. İstefamın tam səbəbini açıqlaya bilməsəm də, onu deyə bilərəm ki, bu strateji taktiki bir addım idi. Hansı ki, bu istefa Azərbaycan dövlətinin  beynəlxalq aləmdə, həm də danışıqlar prosesində mövqeyini gücləndirdi. Düzdür, bəziləri o zaman hesab edirdi ki, bu, Heydər Əliyevə və iqtidara qarşı olub. Bu, düz deyil.  Bizim danışıqlar prosesindəki bəzi məqamlara yanaşmamız strateji baxımdan fərqli idi və ona görə də istefa verdik”.

İstefalarını əvvəlcədən Vəfa Quluzadə və Eldar Namazovla  məsləhətləşdiklərinə gəldikdə, T. Zülfüqarov bunu təsdiq edib. Bildirib ki, biz bu məsələni məsələhətləşmişdik. “Bu addım siyasi karyera baxımından bizim üçün məqbul sayılmasa da, dövlət maraqları baxımından vacib idi və belə bir addım ataraq istefa verdik”- sabiq nazir bildirib.

Heydər Əliyev bizə Lissabonun ən yaxşı restoranında qonaqlıq verdi

Heydər Əliyev bizə söz verdi ki, Lissabon sammitində uğurlu nəticə əldə edilsə, Lissabonun ən yaxşı restoranında qonaqlıq verəcəm

“İstefa vermək, nazir postunda qalıb Qarabağ münaqişəsinin həlli üçün fəaliyyət göstərməkdən daha faydalı idimi və yaxud nazir olarkən münaqişənin həlli istiqamətində hansısa işlər gördünüzmü” sualına gəldikdə T. Zülfüqarov Lissabon sammitindəki əldə edilən uğurda böyük rolunun olduğunu qeyd edib.
“Nazir olduğum dövrdə Qarbağ münaqişəsi  üçtərəfli formatdan ikitərəfli formata keçdi. Yəni danışıqlar formatında Dağlıq Qarabağ iştirak etmədi. Danışıqlar Ermənistanla aparıldı və 1998-ci ilin aprelində Azərbaycan Prezidenti Heydər Əliyevlə Ermənistan prezidenti Robert Köçəryan ikitərəfli formatda danışıqlar aparmaq barədə qərar verdilər.  Azərbaycan torpaqlarını Ermənistan işğal etdiyindən danışıqlar onunla aparılmağa başladı.

Lissabondakı ziyafətdə mənə şərəf verib sağ tərəfində əyləşdirdi…

Digər uğurlardan biri Lissabon sammitində əldə edilən uğur idi. Sammitdən öncə Heydər Əliyev bizi yığıb xüsusi tapşırıqlar verirdi ki, kim hansı işi görsün. H.Əliyev sammitdən əvvəl dedi ki, əgər müsbət nəticə olsa, mən sizə Lissabonun ən yaxşı restoranında ziyafət verəcəyəm. Elə də oldu. Sammitdən sonra mən də həmin ziyafətə dəvət olundum. Mənim üçün şərəf oldu ki, Heydər Əliyevin sağ tərəfində əyləşdim. H.Əliyev orada mənim haqqımda müsbət fikirlər səsləndirdi”- T.Zülfüqarov bildirib.

Məmmədyarovun fəaliyyəti məni qane etmir

Sabiq nazir olaraq Tofiq Zülfüqarov Qarabağ məsləsində indiki xarici işlər naziri Elmar Məmmədyarovun yürütdüyü siyasəti qətiyyən məqbul hesab etmir. “Hazırda Rusiya və Ermənistan danışıqlar formatını dəyişmək istiqamətində təbliğata başlayıb və Azərbaycan tərəfi də təbliğatını bu istiqamətdə qurub. Bu, yanlış siyasətdir. Belə ki, Rusiya və Ermənistan  ikitərəfli danışıqlar formatını yenə  üçtərəfli danışıqlar formatına keçirməyə çalışırlar. Azərbaycan tərəfi də buna uyğun olaraq Dağlıq Qarabağın azərbaycanlı icmasını təbliğ etməyə başlayıb. İcma rəhbəri ABŞ səfiri və yaxud başqaları ilə görüş keçirir. Bu, yolverilməz haldır. Yanlışdır!  Bizdə Dağlıq Qarabağın azərbaycanlı icması  adlı anlayış yox, müvəqqəti daxili  qaçqınlar anlayışı var. Qoy daxili qaçqınlaırn təmsilçisi kimi kiminlə istəyir görüş keçirsin. Çünki bura təkcə Şuşa, Xocalıdan olan qaçqınlar deyil, digərləri də daxildir. Odur ki, biz başqasının oynamalı deyilik”-sabiq nazir bildirib.

Erməni hərbi gücü görmədən güzəştə getməyəcək…

T. Zülfüqarov hesab edir ki, Ermənistan  Azərbaycanın real hərbi gücünü  hiss etdikdə Qarabağ münaqişəsinin həllində güzəştə gedəcək: “Münaqişənin  iki həlli yolu var – diplomatik və hərbi. Diplomatik həll yolu nəticə vermir. Qalır ikinci variant – hərbi güc. Bunun üçün də Azərbaycanın yetərincə imkanı var. Əgər ermənilər hiss etsələr ki, Azərbaycan  hər an zərbə endirə bilər, o zaman güzəştə gedəcəklər. Odur ki, indiki məqamda Azərbaycan hərbi psixoloji gücdən maksimum istifadə etməlidir. Hər atılan gülləyə artıqlaması ilə cavab verməlidir”.

Ölümlə nəticələnən avtoqəza

Sabiq nazir ölümlə nəticələnən qəza haqqında da danışıb. T.Zülfüqarov deyib ki, günah onda yox, piyadada olub.68 yaşlı qoca içkili olub və yerüstü piyada keçidi əvəzinə dördzolaqlı magistraldan keçməyə çalışarkən qəza baş verib: “O mənim maşınımın yan güzgüsünə dəyərək,başqa bir maşının altına düşüb və ölüb. Bu qəzada  nə mənim, nə də digər sürücünün günahı yoxdur”.
Sabiq nazirin sözlərinə görə, ən qəribə məqam ondan ibarətdir ki, tibbi ekspertiza həmin şəxsin iki dəfə öldüyü barədə  rəy verib: “Guya  həmin şəxs bir dəfə mənim maşınıma dəyərkən, ikinci dəfə də digər maşının altına düşərkən ölüb.  Heç bir məntiqə sığmayan rəy idi. Necə yəni adam iki dəfə ölüb?!”.
T.Zülfüqarov onu da əlavə edib ki, əgər maşınımda qeydiyyat kamerası olmasaydı,  vəziyyət başqa cür olardı.

Ölkə.Az

Daha çox xəbərlər