Cəmiyyət 

Ombudsmanın YENİ həbsxana tikmək təklifi NİYƏ alınmadı?

İnsan Hüquqları üzrə müvəkkil(ombudsman) bir müddət əvvəl Azərbaycanda ehtiyatsızlıqdan cinayət törədənlər üçün ayrıca cəzaçəkmə müəssisələrinin yaradılması barədə təklif irəli sürmüşdü.

Ombudsmanın aylar öncəki təklifinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində cəza çəkən və 18 yaşı tamam olmuş şəxslərin həmin müəssisələrə göndərilməsi də məqsədəmüvafiq olardı.
Əqli mülkiyyət hüquqlarının müdafiəsi Ombudsman Aparatının əsas fəaliyyət  istiqamətlərindəndir | Şərq qapısıHəmçinin qeyd olunurdu ki, ali təhsil imkanlarının da təmin ediləcəyi belə müəssisənin yaradılması saxlanılan şəxslərin islah olunması prosesinə, habelə cəzalarını çəkib qurtardıqdan sonra onların sosial adaptasiyasına da müsbət təsirini göstərə bilər. Qeyd edilən müəssisələrin yaradılması penitensiar müəssisələrdə mövcud sıxlıq probleminin həllinə də müsbət təsir göstərə bilərdi.
Qeyd edək ki, dünyada bir çox ölkələrdə ehtiyatsızlıqdan cinayət törədənlər və gənc məhkumlar üçün ayrıca penitensiar müəssisələr mövcuddur. Bu tip müəssisələr cəza çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyasını asanlaşdırmaq üçün onların təhsili, peşə hazırlığı və psixoloji dəstəklə təmin edilməsini təmin edir. Bununla ağır cinayət törətmiş və daha təhlükəli məhkumlardan ayırmaqla, gənclərin kriminal aləmə tam inteqrasiya etməsinin qarşısı alınır. Eyni zamanda ümumi həbsxanalarda sıxlığın qarşısı alınır, fərdi yanaşmanı təmin edir. Ombudsmanın yeni həbsxana tikmək təklifi niyə nəzərə alınmadı?

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-da ombudsmanın təklifinin indi də aktual olduğu qənaətindədir: “Hazırda Azərbaycanda məhkum olunmuş şəxslərin cəza çəkməsi üçün nəzərdə tutulan müəssisələr bir neçə kateqoriyaya bölünür. Buraya yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələri, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələri və həbsxanalar aiddir. Müxtəlif kateqoriyadan olan yetkinlik yaşına çatmış məhkumlar eyni cəzaçəkmə müəssisələrində saxlanılırlar. Bu da ayrı-ayrı kateqoriyadan olan məhkumların islah və yenidən tərbiyə olunmasına fərqli yanaşmanı istisna edir, ilk dəfə və ya ehtiyatsızlıqdan cinayət törədərək məhkum olunmuş şəxslərin daha ağır və ya təkrar cinayət törədən şəxslərin təsiri altına düşməsinə və son nəticədə təkrar cinayətlər törətməsinə gətirib çıxara bilər. Bu baxımdan ombudsmanın gənclər və ehtiyatsızlıqdan cinayət törədən şəxslər üçün ayrıca cəzaçəkmə müəssisələri yaratmaq təklifi kifayət qədər əsaslı hesab olunmalıdır. Bu təklif həm də mövcud beynəlxalq praktikaya uyğundur. BMT-nin təsdiq etdiyi Nelson Mandela qaydaları adlı sənəddə, bir çox xarici dövlətlərin qanunvericiliyində və praktikasında cəza çəkilməsi prosesində müxtəlif kateqoriyalı məhkumlara, o cümlədən gənclər və ehtiyatsızlıqdan cinayət törədən şəxslərə fərqli yanaşılması nəzərdə tutulur. Gənclər və ehtiyatsızlıqdan cinayət törədən şəxslər adətən cəmiyyət üçün daha az təhlükəli kateqoriya sayılır və onların ayrıca saxlanılması hüquqi baxımdan əsaslı hesab olunur”.

Hüquqşünas dedi ki, ombudsmanın bu təklifinin indiyə qədər həyata keçirilməməsinin müxtəlif səbəbləri ola bilər: “Bunun üçün ilk növbədə gənclər və ehtiyatsızlıqdan cinayət törədən şəxslər üçün ayrıca cəzaçəkmə müəssisələrinin olduğu ölkələrin təcrübəsi, o cümlədən rejim qaydaları, həmin şəxslər üçün yaradılan mühit, təhsil, peşə hazırlığı, psixoloji dəstək mexanizmləri diqqətlə öyrənilməli, Azərbaycan reallıqları üçün məqsədəuyğun variant və model seçilməli, Cəza İcra Məcəlləsinə müvafiq dəyişiklik edilməli, zəruri normativ hüquqi baza yaradılmalı, müvafiq maliyyə ayrılmalı və yalnız bundan sonra seçilmiş modelə uyğun olaraq belə müəssisələrin tikintisinə başlanmalıdır. Mövcud idarəetmə sistemindəki lüzumsuz bürokratik maneələrin həddindən artıq çoxluğunu, cəza icra sisteminin ənənəvi mövcud modelə uyğunlaşdırıldığını və yeniliyə adətən şübhə ilə yanaşıldığını nəzərə alsaq, Ombudsmanın təklifinin gerçəkləşməsi üçün daha uzun müddətin tələb olunduğu şübhə doğurmur”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər