Xankəndi sakininin mənzili hər an uça bilər
Beş ailənin həyatı təhlükədədir
Ağcabədi rayonunun M.Ə.Rəsulzadə küçəsində “ Avtotəmir zavodu “ ərazisində məskunlaşmış Xankəndi sakinlərinin yaşadığı mənzil qəzalı vəziyyətdədir. Bina çiy kərpiç deyilən torpaqla hörülüb. Yağış yağdıqca çökmə müşahidə olunur. Hətta qapıların ayağının, bunun nəticəsində, döşəmədən aşağı düşdüyü də görünür.
Qarabağ münaqişəsi başlayanda muxtar vilayətin mərkəzi şəhərində yaşayan azərbaycanlı ailələri ev-eşiklərini tərk etməyə məcbur olublar. Əmirovlar ailəsi Xankəndindən Şuşaya köçərək, burada yaşamaq məcburiyyətində qalıblar. Şuşanın işğalında sağ qalmaqla şəhəri tərk eləmək bu ailəyə Tanrının bir lütfi olub. Onlar şükür eliyə-eliyə Ağcabədiyə pənah gətiriblər. Gəldikləri gündən “Avtotəmir zavodu “ deyilən indiki ünvanda məskunlaşıblar.
Başlanğıcda ailənin xanımı Zeynəb Əmirova əsəbi şəkildə danışmalı olur. Səbəb də 31 il belə şəraitə dözüb yaşamasıdır. Bildirir ki, çox yerlərə müraciət ediblər , gələnlər də baxıb gediblər, ancaq buna baxmayaraq onların həyat şəraitində yaxşılığa doğru heç nə dəyişməyib.
Ailə başçısı Balakişi Əmirov O günləri belə xatırlayıb:” Mart ayının 10-da Xankəndini tərk edib, Şuşaya köçdük. May ayının 7-də isə Şuşadan çıxmalı olduq. Bir başa gəldiyimiz ünvan da buradı. Əvvəllər bura “ Avtotəmir idarə” sinin binasıymış. Həmin idarə üçün yeni bina tikilsə də ora da köçkünlər yığılmalı olub.Gördüyünüz kimi yaşadığımız bina heç də yaxşı vəziyyətdə deyil, Hər an uça bilər.”-deyə Balakişi Əmirov keçirdiyi nigarançılığı bölüşür.
Balakişi Əmirov övladlarını burada böyütdüyünü, onların ikisinin artıq ailə uşaq sahibi olduğunu deyir.Söhbətdən məlum olur ki, onun oğlanlarından birinin 3, digərinin isə 2 uşağı var. Üçüncü oğlunu isə yaşamağa yer olmadığına görə evləndirə bilmir. Ata oğluna-“ ailə qur, kirayə ev tutaq, orda yaşa”- desə də onun bu təklifi ilə övladı razılaşmır. Evin kiçik övladı olduğuna görə ata-ana qulluğunda dayanmalı olduğunu bildirir.
Balakişi Əmirov qeyd edir ki, Xankəndində təmirli, hər cürə şəraiti olan evi olub. Sənətkar olduğundan hər bir işi öz əli ilə görübmüş. Qurub , yaratdığı evin divarına gəvə asmaq üçün bir mıx belə vurmaz, səliqə-səhmanına görə üstündə əsər, qoruyarlarmış.
Əmirovlar ailəsi Şuşadan gələndən bu ünvanda qeydiyyat götürülsələr də, köçkünçülüyün ilk dalğasında yurd yuvalarını tərk eləmələrinə baxmayaraq , onlardan sonra gələnlər evlə təmin olunduğu halda nədənsə bu ünvanda , belə bir qəzalı evdə yaşayan bu insanları yaddan çıxarıblar. Balakişi Əmirov yüngülvari bir eyham da vurur. “ Evləri ehtiyyacı olanlara vermədilər ki. Pulnan kimə gəldi satdılar”- deyir.
“ Evlərin bölgüsü aparılanda müraciət etdik. Bizə ev vermədilər. Dedilər ki, bağça , məktəblərdə yaşayanlar mənzillə təmin olunandan sonra Sizin ev məsələsinə baxılacaq.Açığı verilən evləri pula satdılar. Binalarda çoxlu mənzillər var ki, indi orada yaşayan yoxdur. Ya qapısı qıfıllı, boşdur,ya da kirayə verilib.” –deyə təəssüf hissi ilə danışan Balakişi Əmirov indən belə evi olan bu cür baş vermiş hallara qarşı çıxmaq fikri də yoxdur. Yenə də mərdimazar olub, ev alan adamlara qarşı yenidən tədbir görülməsi fikrindən uzaqdır. “ Mən heç kimin evinə girmək istəmirəm.Ev alanların sağlığına qismət olsun. Onlar da ev-eşiklərini itiriblər. Ancaq, bizə də ev tikib, versinlər ki, həyat şəraitimiz bir az yaxşılaşsın.” – Balakişi Əmirov belə deyir.
Balakişi Əmirov itirilən torpağın hələ də həsrətin çəkir. Söhbət zamanı gözləri dolur, kipriklərindən yaş sallanır, boğazını qəhər boğur. Deyir ki, bizə birinci növbədə torpağımız lazımdır. Dövlət bizi dədə-baba torpağımıza qaytarsın. İndi onun ən əsas arzusu burda qalmaq yox, doğma şəhərinə qayıtmaqdır. Ancaq ki, qəzalı evin təhlükəsindən yaranan nigarançılıq üçün ailənin xilası naminə bu günkü gün üçün onlara həm də ev lazımdır.
Ailənin xanımı Zeynəb Əmirova yaşadıqları qorxulu anları anlatmağa çalışır. Söhbətindən məlum olur ki, yayda otaqlarda ilanlar dolaşır. Hətta bir dəfə zəhərli ilan da tutublar. Qorxmasınlar deyə uşaqlara bildirməyiblər.
Əmirovlar ailəsinin hər iki üzvü- Balakişi və Zeynəb Əmirovlar düşdükləri acınacaqlı şəraitə görə səlahiyyətli şəxsləri qınamırlar. Hətta Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Hafiz müəllimin adını etiramla yad etmiş olurlar. Laçın obaları adlı yerdə onlara ev də təklif olunduğunu bildirirlər. Ancaq ki, uşaqlar yaxınlıqdakı məktəbə getdiyinə , məşğulluqla bağlı dolanışıqlarını burada qurduqlarına görə yenidən köçkün olmaqla Əmirovlar ailəsi məhrumiyyətlərlə üzləşəcəklərini düşünürlər. Ona görədə dözüb gözləməyi üstün tuturlar. Ümid edirlər ki, hökumət onlar üçün elə yaşadıqları yerdə rahat həyat şəraiti yaratmış olacaq.
İkinci Xankəndili məcburi köçkün Ağakişi Əmirovun da pənah gətirib, sığındığı mənzilin şəraiti əlbəttə ki, ürək açan deyil. “Avtotəmir” İdarəsinin bir vaxtlar yeməkxanası olmuş iki otaq divarları, tavanı fanerka taxta materialı ilə örtüldüyündən ocaq sönən kimi bunbuz olur. Otaqların dam örtüyü yağış sularını saxlaya bilmir. Evin sakini Esmira xanım yağışlı havalarda xüsusilə əziyyət çəkdiklərini deyir. İçəri damcılayan yağış suları üçün vedrə qoymalı olurlar.
Xankəndili sakinləri ümid edirlər ki, nə vaxtsa onların da mənzil problemini dövlət həll edəcək. Səbrsizliklə Ağcabədidə köçkünlər üçün yeni evlərin tikiləcəyini gözləyirlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev bildirib ki, komitənin səlahiyyətli nümayəndəsi Ağcabədi şəhərində «Avtotəmir zavodu» adlanan ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər Balakişi və Ağakişi Əmirovların yaşayış şəraiti ilə bir daha yerində tanış olub. Mövcud vəziyyətləri nəzərə alınaraq, onlara rayonun “Taxtakörpü” adlanan ərazisində yeni salınmış qəsəbədə evlə təmin edilmək üçün Dövlət Komitəsinə müvafiq qaydada müraciət etmək təklif olunub. Lakin Əmirovlar bu təklifi qəbul etməyiblər. Bundan sonra, ailələrə Şirvan və Ucar şəhərlərində yeni istifadəyə verilmiş yaşayış məhəllələrində yeni mənzilə köçmək təklif edilib. Ailə bu təklifdən də imtina edib.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələrə uyğun olaraq, respublika ərazisində məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin tikintisi davam etdirilir. Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış və yeni yaşayış sahəsi ilə təmin edilməmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə bu rayonda yeni qəsəbələr salınarkən qanunauyğun formada baxılacaqdır.







