Qadına hücum edən “kişi qırıqları” – Psixoloji izah
Azərbaycanda qadınlara qarşı zorakılıq halları getdikcə artır. Bu sahədə vəziyyətin artıq kritik mərhələdə olduğunu desək, yanılmarıq. Təkcə ötən ilin kriminal hadisələrin xronologiyasına nəzər salsaq, vəziyyətin həqiqətən ağır olduğunu görmək olar.
Bəs vəziyyətdən çıxış yolu nədir?
Psixoloq Səbinə Vahidqızı Yenisabah.az-a açıqlamasında tarix boyu zorakılığa məruz qalanların qadınlar olduğunu bildirib: “Hər bir millətin kişi və ya qadının milli psixologiyası var. Bunları zaman, illər, nəsillər dəyişsə də bəziləri beyində “oturulur” və dəyişmir. Ata və babalarımız bəzi məqamlarda qadınla kobud davransalar da, əsas hissə hansı ki, daha ağıllı və tərbiyəli olan təbəqə qadının dəyərini anlayır, ona qarşı kobud davranmır, kobud ifadələr işlətmir və ona hörmət edirdi. Bu hörmətə ümumilikdə “cinsi tərbiyə” deyilir. Valideynlər bu tərbiyəni uşağa öz hərəkətləri ilə verir”.
S.Vahidqızı bu tip halların qarşısını almaq üçün ailə tərbiyəsinin önəmini vurğulayıb: “Əgər ata oğlan övladının gözü qarşısında qadına şillə vurur, ona nalayiq söyüşlər söyürsə, bu mühitdə böyüyən uşağən tərbiyəli və səviyəli kişi olacağını gözləyə bilmərik. Belə bir şey bostanda alma bitməsini gözləmək kimidir. Yaxud da qızı olan qadın ərini uşağın gözü qarşısında alçaldırsa, ona hörmət etmirsə onun gələcəyinin necə olacağı indidən bəllidir. Gündəlik həyatımız bu tip misallarla doludur. Ətrafımız marketdə satıcı qıza söyüş söyən cavan oğlanlar, qadın iş yoldaşına hücum edən “kişi qırıqları” ilə doludur. Bütün bunların bir günahkarı var – Valideyn! Məni bir orta məktəbə dəvət etmişdilər. Dedilər ki, bir oğlan sinifdə qızlarla çox kobud rəftar edir. Onları vurur, söyür, hörmət etmir. Belə hərəkətlərinə görə uşağın ata, anası məktəbə gəlməli oldular. Kənardan onları müşahidə edəndə gördüm ki, kişi giriş qapısında əli ilə qapını kənara itələyib birinci özü keçdi və qarşısındakı heç bir qadına, qıza yol vermədi. Həmin kişi evində cəmiyyəti korlayan üç oğlan böyüdür. Bu uşaqlar nə analarına , nə də hansısa qadına hörmət etmir. Kobud davranırlar. Ola bilər ki, belə uşaqlar böyüyüb alim olacaq, amma söyüş söyəcək, danışığını bilməyəcək. Həkim olacaq, tibb bacısını döyəcək, nə qədər naqis iş və hərəkət varsa hamısını edəcək, yenə də səhvini anlamayacaq. Səhv başlanğıcdadır, yəni ailədə”. Nənə babalar buna misaldır. Bəzən onlar nəvələrinə kobud söyüş söyməyi öyrədirlər. Nəvə də böyüyüb həmin söyüşlərlə onun özünü söyür, 5 bıçaq zərbəsi vurub, pulunu da aparıb gedir.Yəni tərbiyə torpaq kimidir, nə versən onu da alırsan. Nə əkdin o da bitir. Genetik amillər əsas olsa da, tərbiyə mühümdür. Tərbiyə təməl və kökdür”.

