Yardımlıda ata və oğlun güllələnməsi ilə bağlı – YENİ XƏBƏR
Xəbər verdiyimiz kimi, fevralın 27-də Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitləri aşkar edilib.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zərərçəkmişlərin yaxınlarının Axeber.az-a verdiyi məlumata görə, qətli törədən şəxsin onları daha öncədən dəfələrlə silahla hədələmisi barədə müvafiq qurumlara şikayət edilsə də, lazimi tədbirlər görülməyib. Qətlə yetirilənlərin ailəsi iş üzrə ibtidai istintaqın Yardımlı rayonda deyil, Bakı şəhər prokurorluğunda aparılmasını istəyir. Onlar bunu qətli törətmiş şəxsin rayonda böyük nüfuza malik olması və bununla da istintaqın gedişinə təsir edə biləcəyi ilə əsaslandırırlar.
Xatırladaq ki, ilkin araşdırmalarla müəyyən edilib ki, fevralın 27-də saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.
Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Nurəddin Kərimov saxlanılıb, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

