Bakıda çay evində qətl törədən şəxsin məhkəməsi başladı
Qətl törətməkdə təqsirləndirilən Cövdət Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası növbəti həftəyə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 17-də saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən “Vimay” klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb.
Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib. S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
C.Abbasov şübhəli şəxs qismində saxlanılıb.Oxu.Az

