Gimnastika üzrə Dünya Kubokunun Bakı mərhələsində koronavirusdan qorunmaq üçün tədbirlər görülüb
“İdman Gimnastikası üzrə Dünya Kubokunun Bakı mərhələsinin Təşkilat Komitəsi yarış iştirakçılarını koronavirus infeksiyası təhlükəsindən qorumaq üçün tədbirlər görüb”.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə TASS-a məlumat verib.
“Dünya Kubokunun Bakı mərhələsi “Olimpiada-2020” üçün təsnifat turnirlərindən biridir. 42 ölkədən olan bütün nümayəndələr artıq Azərbaycandadır”, – deyə Məmmədzadə bildirib.
O, heç bir risk olmadığını qeyd edib: “Təşkilat Komitəsi insanların təhlükəsizliyi üçün əlindən gələni edir. Fevralın ortalarında bizdə batut gimnastikası üzrə Dünya Kuboku keçirilib. Həmin vaxt artıq koronavirus barədə məlumatlar yayılmışdı. Onda da hər şey normal keçdi”.
Baş katib bildirib ki, epidemioloji vəziyyətin daha əlverişsiz olduğu ölkələrdən, xüsusən Çin, Cənubi Koreya, İtaliya və İrandan gələn qonaqlar müayinə üçün dərhal xəstəxanaya aparılıblar, onların heç birində problem aşkarlanmayıb.
Gimnastika üzrə Dünya Kubokunun Bakı mərhələsi martın 12-dən 15-nə kimi davam edəcək.
Rusiya yığmasının baş məşqçisi Valentina Rodionenko Bakıya gəlməzdən əvvəl TASS-a yarışların tamaşaçısız keçirilməli olduğunu bildirib.
“Əsas və məşq zallarında əllər üçün divar sterilizatorları, girişdə isə termal kamera var. Binaya girən insanların hamısının uzaqdan bədən temperaturu ölçülür. Bu yolla binaya daxil olan hər bir insanın səhhəti barədə məlumat alırıq”, – deyə Məmmədzadə vurğulayıb.
Onun sözlərinə görə, hər gün məşq və yarışlar bitdikdən sonra zalın dezinfeksiya olunması planlaşdırılıb.

