Azərbaycanda zərgərlərin problemlərinin həlli üçün ictimai birlik yaradıla bilər
Zərgərlik bazarının mövcud problemləri son günlərin əsas müzakirə mövzularından biridir. Sənayenin bu sahəsinin inkişafı və mövcud problemlərinin həlli ilə bağlı məsələlər fevralın 18-də “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdən sonra daha da aktuallaşdı.
Xatırladaq ki, görüşdə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, “AzerGold” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Türkiyə və Özbəkistanın qiymətli metallar üzrə ixtisaslaşmış strukturlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbir çərçivəsində zərgərlik sənayesinin gələcək inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb, bu sahədə islahatların həyata keçirilməsi üçün təkliflər planının hazırlanması üzrə işçi qrupunun yaradılması qərara alınıb.
“Shakh Filigree” şirkətinin rəhbəri, tanınmış zərgər Şahin Əlipənahov bildirib ki, təkliflər planında zərgərlik emalatxanaları, studiyalar və zinət əşyalarının satış məkanlarının nümayəndələri üçün təlim-tədris işlərinin aparılması məsələsi öz əksini tapmalıdır.
Bundan başqa, aidiyyəti qurumlar tərəfindən zərgərlik məhsullarının sərgi və yarmarkalarının təşkili də səmərəli ola bilər. Şahin Əlipənahov hesab edir ki, sərgilərin və satışın əlverişli məkanlarda təşkili məqsədəuyğundur. “Bu, turistlərin ən çox maraq göstərdikləri yerlər ola bilər. Ölkəmizdən kənarda da sərgi və satış imkanlarının yaradılması faydalı olardı”.
Zərgərlik sahəsində uzun müddətdir ki fəaliyyət göstərən sahibkar Dilavər Cəfərovun fikrincə, saxta əyar damğalarının qarşısının alınmaması bazara keyfiyyətsiz məhsulların çıxarılmasına səbəb olan amildir. Sahibkar qeyd edib ki, hazırda qızıl və daşların keyfiyyətinə nəzarət mexanizmi yoxdur. Bundan başqa, əyarın təyin olunmasında çəkiyə görə əyar haqqı müəyyənləşdirilməlidir.
“Diadema Jewellery”nin təmsilçisi Ağamirzə Məlikov xammal idxalının vergi və rüsumdan azad olunmasını və ölkə daxilində satışının dünya birjası qiymətlərinə uyğunlaşdırılmasını, qızılın (xammalın) və ikinci əl məmulatların vahid mənbədən alınmasının təşkil olunmasını təklif edir. Sahibkarın sözlərinə görə, affinaj məntəqələri müəyyənləşdirilməli, lisenziya əsasında fəaliyyət göstərməlidirlər.
Zərgər Eduard Samaryayev xammal tədarükü sahəsində assosiasiyanın yaradılmasını məqsədəuyğun hesab edir. Zərgərlər istehsal prosesində qızıl və gümüşü müxtəlif yerlərdən almaq məcburiyyətində qalırlar və alış zamanı xammalı rəsmiləşdirə bilmirlər. Bundan başqa, zərgərləri birləşdirən assosiasiya da yaradılmalı, sektora dövlət dəstəyi göstərilməlidir.
“Chiarezza Jewellery”nin nümayəndəsi Pərviz Nuriyev vergilərin azaldılmasının, əyar nəzarətinin təmin olunmasının, hemoloji laboratoriyaların yaradılmasının vacibliyini qeyd edib. Sahibkar hesab edir ki, əyar nəzarətinin olmaması bazarda əyarı aşağı qızılın artmasına və mənşəyi məlum olmayan saxta qiymətli daşların satılmasına səbəb olur.
Sahibkar Elvin Hüseynov (“Apey Jewellery”) idxalda, anbar və mağazalarda mövcud məmulatların rəsmiləşdirilməsini, dəqiq uçotun aparılmasını vacib sayır. Onun sözlərinə görə, gömrük rüsumlarının və vergilərin yüksək olması idxal zamanı qaçaqmalçılığa yol açır.
Göründüyü kimi, ölkədə fəaliyyət göstərən əksər qızıl məmulatları istehsalçılarının qaldırdığı məsələ xammal qızılın təchizatı və qiyməti ilə bağlıdır.
Məlumdur ki, Azərbaycan regionun ən böyük qızıl hasilatçılarından biridir və ölkəmizdə hasil olunan qiymətli metallar dünya birjalarında uğurla satılır. Buna baxmayaraq, yerli zərgərlik sənayesi idxaldan asılı vəziyyətdədir.
Ölkənin əsas qiymətli metallar hasilatçısı və ixracatçısı olan “AzerGold” QSC-dən məsələ ilə bağlı bildirilib ki, Cəmiyyət fəaliyyətini tam şəffaf quraraq, bütün növ vergi və rüsumları qanunvericiliyin tələblərinə uyğun ödəyir.
“Bu da öz növbəsində digər aidiyyəti xərclərlə yanaşı, məhsulun maya dəyərinə nəzərəçarpacaq təsirini göstərmiş olur. Nəticədə, yaranmış vəziyyət Azərbaycan kimi zəngin zərgərlik təcrübəsinə və tarixi ənənələrə malik olan bir ölkədə şəffaf çalışan qurumların rəqabətədavamlı fəaliyyət aparmasına və yerli istehsalçılarla arzu olunan səmərəli əməkdaşlığa müəyyən əngəllər yaradır”.
Araşdırmalar zamanı bu sahədə zəngin təcrübəyə malik əksər ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin çox cüzi məbləğ təşkil etdiyi halda, ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatların maya dəyərinin qat-qat yüksək olduğu ortaya çıxır.
Yerli bazarda satışa çıxarılan məhsullara bu həddə vergi və rüsumların tətbiqi bazar iştirakçıları tərəfindən yerli xammaldan deyil, xaricdən əldə etdikləri xammaldan istifadə etməyə sövq edir.
Bütün bunlar nəzərə alınmaqla, qeyd etmək vacibdir ki, bazar iştirakçılarının dünya birjalarına uyğun qiymətə dayanıqlı xammalla təchiz edilməsi həm bazarda şəffaflığın təminatına, həm də ixrac potensialının artırılmasına dəstək ola bilər.
Mühüm olan məqam isə odur ki, aidiyyəti dövlət qurumları zərgərlik bazarında problemlərin həll edilməsi istiqamətində işləri intensivləşdirib. Bu sahədə islahatların həyata keçirilməsinə dair təkliflər planının hazırlanması üçün işçi qrupunun və zərgərlər assosiasiyasının yaradılması irəli doğru atılmış addım hesab edilə bilər.

