Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənib
ARANTV.AZ xəbər verir ki, “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi” layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə NATO-nun Dəstək və Təchizat Agentliyinin Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə həyata keçirdiyi layihənin bağlanış mərasimində bu barədə məlumat verilib.
2012-ci ildə başlanılan “Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsində 28 ay ərzində 19 milyon kvadratmetr ərazi tam təmizlənib və 14 mindən çox partlamamış hərbi sursat və 173 mina tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyulunda başlanılıb və 29 ay müddətində 25,3 milyon kvadratmetr sahə təmizlənib, 1553 partlamamış hərbi sursat və minlərlə metal qırıntısı zərərsizləşdirilib. Üçüncü mərhələ ötən ilin yanvarında başlayıb və 18 ay müddətində 22 milyon kvadratmetrə yaxın ərazi təmizlənib, 2146 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi” layihəsinin bağlanış mərasimində bu barədə məlumat verildi. Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov xatırlatdı ki, 20 illik yubileyi qeyd olunan ANAMA 1998-ci il iyulun 18-də ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılıb. Qurumun qarşısında işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi vəzifəsi qoyulub. Ötən 20 ildə ümumilikdə 53 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib ki, bunun da nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıdıb. Hazırda yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malik ANAMA-nın yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Fuad Ələsgərov qurumun NATO-nun Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığını xüsusi vurğuladı, iki təşkilatın 2005-ci ildən başlayaraq həyata keçirdiyi Saloğlu layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazinin minalardan təmizləndiyini dedi. Bildirildi ki, ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir və buna görə də Prezident İlham Əliyev tərəfindən ANAMA-nın maddi-texniki təchizatının möhkəmləndirilməsinə xüsusi diqqət ayrılır. ANAMA-nın direktoru Qəzənfər Əhmədov Agentliyin Azərbaycanda mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsi sahəsində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışdı. Qeyd etdi ki, agentliyin iş tempinin dayanıqlı olması və mina təhlükəsi ilə mübarızə proqramının gələcəkdə də inkişafı və səmərəli işləməsi üçün şəraitin yaradılması dövlət başçısnın bu sahəyə daimi diqqət və qayğısı sayəsində mümkün olub. NATO baş katibinin müavini Rouz Gotemoller layihənin uğurla reallaşdırılmasına görə Azərbaycan hökumətinə minnətdarlığını çatdırdı, ANAMA–nın beynəlxalq layihələrdə uğurla iştirakını vurğuladı. NATO baş katibin müavini Azərbaycanla bu sahədə əməkdaşlığa hazır olduqlarını dedi. NATO-nun Dəstək və Təchizat Agentliyinin əməliyyatlara dəstək üzrə direktor müavini Allan Makleod ANAMA-nın artıq regional səviyyədə ekspert kimi çıxış etdiyi bildirdi. Sonra ANAMA-nın əməliyyat üzrə meneceri Samir Poladov Ceyrançöl təmizləmə layihəsinin təqdimatını etdi. Layihənin ilk iki mərhələsində aparıcı ölkə rolunu ABŞ, sonuncu mərhələsində isə Türkiyə oynayıb. Azərbaycan Hökumət layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, onun ümumi dəyərinin əlli faizi həcmində maliyyə vəsaiti ayırıb. Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Villiam Gill, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi və BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai də layihənin əhəmiyyətindən söz açdılar, Azərbaycanın mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsi sahəsində gördüyü işləri yüksək qiymətləndirdilər.

