Gündəm 

Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb

ARANTV.AZ xəbər verir ki, Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb. Sənəd Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz Boru Kəmərlərinin Azərbaycan ərazisində əhatə etdiyi bölgələr üzrə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə maraq doğuran layihələrin icrasını nəzərdə tutur.

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu sosial-iqtisadi, mədəni sahələrdəki dövlət siyasətinə dəstək, vətəndaş cəmiyyətinin formalaşmasına töhfələr verib. Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun artıq beynəlxalq səviyyədəki fəaliyyətinin ölkələr və vətəndaşların həyatında, eyni zamanda ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynadığını qeyd etdi. Heydər Əliyev Fondu və BP şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanmasının 24 il əvvəl 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalandığı günə təsadüf etməsi də rəmzi məna daşıyır. Anar Ələkbərov BP-nin Azərbaycanda iri neft layihələri çərçivəsində başlanan fəaliyyətinin hazırda ölkəmizdə humanitar sahədə genişlənməsi, eləcə də regionun ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu ilə imzalanan memorandum üzrə də əməkdaşlığın davam etməsinin sevindirici hal olduğunu dedi. Bildirdi ki, Fond və BP arasında imzalanan memorandum tək Bakıda deyil, regionlardakı layihələr üzrə də uğurla həyata keçiriləcək. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə bildirdi ki, Heydər Əliyev Fondunun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir. Fondun mədəniyyət, təhsil, sosial və ətraf mühit sahələrində gördüyü işlər həm ölkədə, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Qəri Counz diqqətə çatdırdı ki, Azərbaycandakı fəaliyyətinin ötən 26 ili ərzində şirkət  təhsilin inkişafı, icmalarda bacarıqların yaradılması, yerli kiçik və orta sahibkarlığın gücləndirilməsi, ölkədə idmanın inkişafı və mədəni irsin təbliğinə dəstək vermək üçün əlindən gələn səyləri əsirgəməyib. İmzalanan memorandum da uzunmüddətli etibarlı tərəfdaş olaraq bu möhtəşəm ölkə üçün birlikdə daha çox töhfə verməyə imkan yaradacaq”. Sitatın sonu. Sonra Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalandı. Sənəd Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz Boru Kəmərlərinin Azərbaycan ərazisində əhatə etdiyi bölgələr üzrə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə maraq doğuran layihələrin icrasını nəzərdə tutur. Bu layihələr müxtəlif infrastrukturun, o cümlədən məktəb binalarının tikintisi və bərpası, mədəni-tarixi irsin bərpası və qorunması, kiçik və orta sahibkarlığın inkişafına dəstək xarakteri daşıyacaq. Eyni zamanda ekologiya, idman, sosial və təhsil sahəsində, həmçinin regionlarda gənclər arasında müxtəlif peşə sənətinin və startapların inkişafı, uşaq və yeniyetmələrin maarifləndirilməsi,valideyn himayəsindən məhrum olan uşaqlar üzrə birgə layihələr icra olunacaq. Qonaqlar, həmçinin Mərkəzdəki Heydər Əliyev Muzeyi və sərgi zalları ilə tanış oldular. Heydər Əliyev Mərkəzinin binasının memarlıq nümunəsi olmaqla yanaşı, burada maraqlı layihələrin təqdim edilməsi qonaqlarda böyük maraq doğurdu.

Daha çox xəbərlər