Sel suları bu rayonlarda qaz xətlərini yararsız vəziyyətə saldı – FOTO
Sel suları bəzi rayonların ərazilərində çaylardan keçən qaz xətlərini qəzalı vəziyyətə salıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.
Məlumata əsasən, respublikanın bir neçə rayonunun ərazisindən keçən çaylarda daş karxanalarının genişlənən fəaliyyəti sel suları gələrkən bu çaylardan keçən qaz xətlərinə də zərər yetirir. Belə ki, çayın divarları, məcrası yuyulduqca qaz kəmərlərini saxlayan dirəklər çılpaqlaşır, dayanıqlığını itirir və demək olar ki, üzdə qalır. Nəticədə, güclü sel suları qarşısında tab gətirməyərək dirəklər aşır, qaz kəmərləri yararsız hala düşür.
“Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi xətlərə zərər dəyən yerlərdə bərpa işlərinə başlayıb. Bu günlərdə Quba rayonunda Nügədi kəndi yaxınlığında, Qudyal çayın üzərindəki 273 mm diametrində sel sularının yuyaraq zədələdiyi qaz xəttinin çay keçidi əvvəlki formasına qaytarılıb.
Həmçinin, Zərdab rayonu ərazisində Qarasu çayı üzərindən keçən 273 mm diametrində qaz xəttinin çay keçidinin yenilənməsi də planlaşdırılır.
Qeyd edək ki, 2019-cu ildə də bu səpkili işlər aparılıb. Masallı rayonu Boladi çayı üzərindən keçən 219 mm diametrində qaz xəttinin çay keçidi təmir edilib.
“Azəriqaz” İB qaz kəmərləri keçən çaylarda fəaliyyət göstərən daş karxanalarının sahiblərindən xahiş edir ki, diqqətli olsunlar, qaz kəmərləri üçün təhlükəli qəza şəraitinin yaranmasına yol verməsinlər.Oxu.Az

