“Azərbaycan dövləti pandemiya dövründə ölkə əhalisinin sosial müdafiəsi üçün kompleks tədbirlər həyata keçirir”
Azərbaycan dövləti pandemiya dövründə ölkə əhalisinin sosial müdafiəsi üçün kompleks tədbirlər həyata keçirir.
ARANTV.AZ bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Millət vəkili bildirib ki, dövlətimiz ilk gündən koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli, önləyici tədbirlər görüb və görməkdə davam edir.
T.Cəfərova pandemiya dövründə bir neçə qurumun iş yükünün dəfələrlə artdığını vurğulayaraq onların əməyini yüksək qiymətləndirib:
“Bu qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirik və onun bütün yerli qurumları qeyri-iş günlərində və xüsusi karantin dövründə gücləndirilmiş iş rejimində çalışırlar. Bu dövlət qurumu indiki dönəmdə əlavə olaraq 65 yaşdan yuxarı olan şəxslərə sosial xidmətlər göstərir, könüllülərin fəaliyyətini koordinasiya edir, vətəndaşların çoxsaylı müraciətinə baxır. Nazirlik bütün müraciətləri növbəlilik və şəffaflıq prinsipi ilə cavablandırır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrup isə qısa zaman kəsiyində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi məqsədi ilə müvafiq təkliflərlə çıxış etdi”.
Deputat vurğulayıb ki, həmin təkliflər əsasında artıq müvafiq tədbirlər görülməkdədir:
“Azərbaycan hökuməti məhz bu məqamda qeyri-leqal məşğulluq sahəsində çalışan şəxsləri pandemiya dövründə qazancını itirmiş şəxslər kimi qeydiyyata alıb, aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi haqqında qərar qəbul etdi. Nazirlik tərəfindən məlumatların yoxlanılması və ödənişlərin edilməsi ilə bağlı ciddi və sürətli mexanizmlər qurulub. Nəticələr haqqında vətəndaşlara SMS göndərilir”.
T.Cəfərova əlavə edib ki, aprelin 9-dan başlayan bu proses çərçivəsində artıq 140 min işsiz üçün birdəfəlik vəsait ödənişi həyata keçirilib:
“Azərbaycan dövləti koronavirus (COVID-19) pandemiyası dövründə ölkə əhalisinin sosial müdafiəsini təşkil etmək üçün sosial siyasəti kompleks halında həyata keçirir. Çünki dövlət canlı bir orqanizmdir. Bu baxımdan sözügedən nazirlik tərəfindən növbəti addım ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrlə bağlı oldu. Bildiyimiz kimi, məhz pandemiya vəziyyəti nəzərə alınaraq ünvanlı dövlət sosial yardımı almaq müddəti bitən aztəminatlı ailələrə bu yardım dayandırılmadı. Həmin aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadıldı”.
Nazirliyin fəaliyyətini təqdir edən deputat deyib ki, işini itirmiş vətəndaşların qeydiyyata alınması və dövlət tərəfindən ayrılmış 190 manatlıq birdəfəlik ödəmənin vətəndaşlara təyin edilməsi müəyyən vaxt aparsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun öhdəsindən qısa zamanda gələ bildi:
“Bu günə qədər on minlərlə əhalinin hesabına birdəfəlik ödəmələr təyin edildi və bu proses davam edir”.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı hər bir Azərbaycan vətəndaşının əməyinə fərdi yanaşır:
“Dövlət, dövlətçilik və vətəndaşlar üçün göstərilən bütün fədakarlıqları hər zaman yüksək qiymətləndirir. Vətəndaşlarımız da dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməlidirlər. Onları maksimum məsuliyyətli olmağa, şayiələrə uymamağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək olmağa dəvət edirəm. Biz birlikdə güclüyük!”

